“Türkiyə TRIPP marşrutu layihəsində mühüm rol oynayır”
Türkiyə “Tramp Marşrutu” (TRIPP) nəqliyyat-kommunikasiya layihəsində mühüm rol oynayır. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn bildirib ki, Vaşinqton layihənin təşviqi və həyata keçirilməsi üçün Ankara ilə birbaşa əməkdaşlıq edir və TRIPP Şərqi və Qərbi, həmçinin Mərkəzi Asiyanı Qərbi Avropa ilə birləşdirəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Prof. Dr. “KAFKASSAM” başkanı Hasan Oktay bildirib ki, Trampın 8 avqustda İlham Əliyev və Paşinyanla birgə etdiyi açıqlama və imzalanan yaxşı niyyət protokolu Cənubi Qafqazda yeni bir geosiyasi məkan formalaşdırıb:
“Türkiyə və Azərbaycanda “Tramp yolu”, ümumi qəbul edilmiş adı ilə isə "Zəngəzur dəhlizi" kimi ifadə edilən bu mexanizmin işləməsi çox ağıllı və məntiqli görünmür. Çünki bu məsələdə İran və Rusiyanın açıq olmasa da, ciddi mənada müqaviməti mövcuddur. Türkiyə Tramp yolu Zəngəzur yolu deyil, Türkiyə, Ermənistan-Azərbaycan-Türkiyə üçtərəfli sülhünü və bütün Ermənistanı yol üzərinə çevirəcək layihə üzərində işləməlidir. Bu siyasət üzərində təkcə Türkiyənin deyil, Azərbaycanın da işləməsi lazımdır. Çünki üçtərəfli sülh sazişi imzalanmadan hər hansı bir dəhlizin və ya Tramp yolunun işləməsi mümkün görünmür. Amerika bu prosesdə Türkiyəni işin içinə daxil edərək, Rusiyaya və İrana qarşı bölgədə Türkiyənin gücündən faydalanmaq istəyir. Lakin Türkiyə həm Rusiya, həm də İranla qonşuluq hüququ baxımından bu prosesə isti yanaşmır. Türkiyənin Qara dəniz üzərindən Rusiya ilə qonşuluğu mövcuddur. Bununla yanaşı, mövcud regional dinamiklər Türkiyə ilə Rusiyanın üz-üzə gəlməsini tələb edən bir proses deyil. Xüsusilə Tramp Ukrayna böhranını Rusiya ilə Avropa Birliyi arasında bir böhrana çevirməyə çalışarkən, Türkiyə Rusiya ilə münasibətlərin pozulmasını arzulamır. Türkiyə regional dinamiklər baxımından İran və Rusiya ilə davamlı və dayanıqlı münasibətlər qurmaq niyyətindədir. Bu səbəbdən də, Türkiyə sülh sazişi imzalanmadan açılacaq heç bir layihəyə isti baxmır “.
Reyhan Quliyeva
