00:00:00
Yazar
Admin User
26.09.2025 11:41 102 3 dəq oxuma
Siyasət

“ Türkiyə və Amerika liderlərinin görüşü regiondakı proseslərin inkişafına təsir göstərə bilər”

“ Türkiyə və Amerika liderlərinin görüşü regiondakı proseslərin inkişafına təsir göstərə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdan Vaşinqtona gedib.

 

Mövzu ilə bağlı politoloq Asif Nərmanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və Amerika liderlərinin görüşü regiondakı proseslərin inkişafına təsir göstərə bilər:

 

“Yəni biz bunu bir yox, bir neçə region üzrə qiymətləndirə bilərik. Hazırda əsas aktual məsələ Yaxın Şərqdə, xüsusən Qəzza məsələsidir. Bu məsələdə Türkiyənin mövqeyi bəllidir. Qəzzadakı humanitar böhranın aradan qaldırılması və məsələlərin həlli üçün danışıqlar prosesinin başlanmasıdır. İki dövlət prinsipinin qəbul edilməsi və ya müzakirələrin bu istiqamətdə aparılmasıdır. Bu, İsrailə sərf etmir və İsrailə təsir edə biləcək yeganə ölkə Amerikadır. BMT Baş Assambleyasında verdiyi mesaj göstərib ki, görünür, Amerika, Türkiyə və Ərəb ölkələrinin tələbləri beynəlxalq ictimaiyyətin tələbi ilə üst-üstə düşsə də, ABŞ bu istiqamətdə addım atmaq niyyətində deyil. Xüsusən də Fələstin müstəqilliyinin tanınması məsələsində. Ehtimal edirəm ki, Ərdoğan Vaşinqtonda Trampla bu məsələni ayrıca müzakirə edəcək. Ən azından Qəzzadakı humanitar böhranın aradan qaldırılması ilə bağlı müəyyən addımlar atıla bilər. Ərdoğan bunu BMT tribunasından da gündəmə gətirib. Hesab edirəm ki, əsas və ən aktual məsələ budur. Türkiyə, təbii ki, Yaxın Şərqdə, o cümlədən Fələstin–İsrail münaqişəsində və bütövlükdə Yaxın Şərq coğrafiyasında sülhün əldə olunmasında maraqlıdır. Bu çox mürəkkəb məsələdir və bir görüşlə həll olunacaq məsələ deyil. Amma bu istiqamətdə müzakirələrin aparılacağı şübhəsizdir. Türkiyə tərəfi Qəzza məsələsində humanitar problemin aradan qaldırılması ilə bağlı konkret addımlar atılmasına çalışır və nəticə əldə etməyə ümid edir”.


Həmçinin şərhçi qeyd edib ki, bizim üçün maraqlı olan digər məsələ Cənubi Qafqazda baş verənlərdir:


“Azərbaycan–Ermənistan danışıqları və Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Vaşinqtonda bununla bağlı razılaşma əldə olunub və ən önəmlisi, bütün regional və regiondan kənar oyunçuların maraq dairəsində olan Zəngəzur dəhlizi məsələsinin razılaşdırılmasıdır. ABŞ bu dəhlizə nəzarətçi kimi çıxış edəcək. Türkiyə də bu dəhlizin əsas maraqlı tərəflərindən biridir. Nəzərə almaq lazımdır ki, dəhlizin əsas müəllifi Azərbaycandır və Türkiyə də bu prosesin bir hissəsidir. Ona görə də istisna deyil ki, Ərdoğan Vaşinqtonda Cənubi Qafqazdakı prosesləri, o cümlədən Zəngəzur dəhlizinin işə salınmasını da müzakirə edəcək. ABŞ-nin Cənubi Qafqazda Türkiyənin daha aktiv fəaliyyətində maraqlı ola biləcəyi ehtimal olunur. Tərəflər razılaşa bilərlər. Həm Türkiyə, həm də ABŞ öz maraqlarını müdafiə etmək üçün burada ortaq mövqedən çıxış edə bilər. Ortaq maraqlar bunu tələb edir. Bəllidir ki, burada əsas məsələ Zəngəzur dəhlizi məsələsində Rusiyanın kənarda qalmasıdır. Azərbaycan və Türkiyə üçün əsas məqsəd dəhlizin işə düşməsidir. Orada kimin nəzarət etməsi ikinci dərəcəli məsələdir. Əgər razılaşma əldə olunubsa və Vaşinqton nəzarət edəcəksə, Azərbaycan və Türkiyə ABŞ-lə daha sıx işləmək və öz maraqlarını həyata keçirmək niyyətindədirlər. Hesab edirəm ki, müzakirə mövzularından biri bu olacaq. Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin daha qısa müddətdə işə düşməsi üçün addımların intensivləşməsini görə bilərik. Çünki Azərbaycan öz üzərinə düşən infrastruktur işlərini həyata keçirsə də, Ermənistanda hələ heç bir iş görülmür. Ehtimal ki, ABŞ, Azərbaycan və Türkiyə İrəvanın prosesi sürətləndirməsini tələb edəcək. Bilirik ki, ABŞ-də bununla maraqlıdır və nümayəndə heyətləri dəfələrlə bununla bağlı regiona səfərlər ediblər və qarşıdakı dövrdə də edəcəklər”.

Nurgül Yusifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər