Türkiyə və Pakistan silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət müzakirə olunub
İslamabadda Türkiyə və Pakistan silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət müzakirə olunub.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlu Pakistana ikigünlük səfər edib.
Bu barədə siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, mövcud şəraitdən Azərbaycan da istifadə etməlidir:
"Türkiyə və Pakistanın dövlət olaraq milli təhlükəsizlik məsələlərində yaşadıqları narahatlıqlar hamıya bəllidir. Bu narahatlıqlar demək olar ki, eyni məsələlərə görə baş verir. Pakistan və Türkiyə silahlı qüvvələri arasında əməkdaşlığın müzakirə edilməsi və gələcəkdə mümkün olacaq addımlar artıq bu günün reallıqları ilə əlaqəlidir. Şərq və Qərb cəbhələri formalaşmaqdadır, dünya sürətlə silahlanma yarışına daxil olur, ənənəvi müttəfiqlər arasında fikir ayrılıqlarının yaşandığını və onların bir-birindən uzaqlaşdığını görürük. Xüsusilə Sakit Okeanda bir- biri ilə rəqabətdə olan və ciddi qarşıdurmalar yaşayan böyük ölkələrin artıq ən azından Şərq bayrağı altında Qərb hegemonyasına qarşı strateji əlaqələrə doğru getdiyini görürük, amma qarşılığında bu dövlətlər hər an bir - birinə savaş açacaq vəziyyətdədirlər. Pakistan və Türkiyə anlayır ki, onları Mərkəzi Asiyanın təhlükəsizliyi, Cənubi Asiyanın təhlükəsizliyi birləşdirir. Bu məqsədlərə çatmaq mümkündür. Türkiyə və Pakistan tərəfləri də məhz tam zamanında bu nöqtədən çıxış etməyə başlayıblar, çünki Mərkəzi Asiyada yenə də hakim güc türk-islam sivilizasiyadır. Sadəcə onların yaşadığı hərbi zəiflik, iqtisadi və siyasi zəiflik fonunda Rusiya və Çindən asılı vəziyyətdə qalmışdılar, bugün o asılılığın istiqamətində ciddi addımlar atılır. Cənubi Qafqazda biz bir zamanlar Rusiyanın de-fakto təsirlərindən danışırdıqsa, bugün o təsirlərin yeni reallıqda itdiyini şahidi oluruq. 2020-ci il "44 günlük müharibə" Qarabağın işğaldan azad edilməsi, ən böyük təsir vasitəsinin aradan qalxmasına səbəb olub. Türkiyə Aralıq Dənizindən başlayaraq, Orta Asiyaya qədər çox ciddi nüfuz savaşını başlada bilər. Bu mövzuda qalib gəlmək indiki qlobal qarşıdurmalar fonunda mümkündür. Türkiyənin və Pakistanın son dərəcədə müasir silahları var, artıq hər cür şərait, imkan var , qlobal güclər belə qarşıdurmadadır, indi bu fürsətləri dəyərləndirmək lazımdır".
Arzu Poladova