Türkiyə Xarici İşlər Nazirliyindən Ukraynada zərər görən türk gəmisi ilə bağlı açıqlama
Türkiyənin Xarici İşlər Nazirliyi bu gün Ukraynada həyata keçirilən hücumda türk şirkətinə məxsus xarici bayraqlı bir gəminin zərər görməsi ilə bağlı belə açıqlama verib:
“Regionumuzda davam edən müharibənin Qara dəniz səthinə yayılması, dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl qeyd etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir”.
Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasının tam mətni belədir:
“Ukraynanın Çornomorsk Limanına bu gün (12 dekabr) həyata keçirilən hücumda türk şirkətinə məxsus xarici bayraqlı bir gəminin də zərər görməsi, regionumuzda davam edən müharibənin Qara dəniz səthinə yayılması ilə dəniz təhlükəsizliyi və seyrüsefər azadlığı baxımından daha əvvəl qeyd etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir.
İlkin məlumatlara görə, gəmidəki heyət və TIR sürücüləri təxliyə edilməkdədir və hücum nəticəsində zərər görən vətəndaşımız yoxdur. Odessa Baş Konsulluğumuz hadisəni yaxından izləyir və vətəndaşlarımıza zəruri dəstək göstərilir.
Bu fürsətdən istifadə edərək, Rusiya və Ukrayna arasındakı müharibənin təcili şəkildə dayandırılmasının əhəmiyyətini bir daha vurğulayırıq və Qara dənizdə gərginliyin artmasının qarşısını almaq məqsədilə seyrüsefər təhlükəsizliyinə, eləcə də tərəflərin enerji və liman infrastrukturunu hədəf alan hücumların dayandırılması üçün bir tənzimləməyə ehtiyac olduğunu xatırladırıq”.
TRT XƏBƏR
Lalə Qurbanlı