Türkiyə yenidən meşə yanğınları ilə üz-üzə
Türkiyə yenidən meşə yanğınları ilə mübarizə aparır.
İnformator.az xəbər verir ki, küləyin də təsiriylə böyüyən alova yanğınsöndürən qrup fasiləsiz olaraq müdaxilə edir. Son olaraq meşə yanğınları Diyarbəkirə də keçib. Havanın temperaturunun artması ilə paralel Türkiyə yenidən meşə yanğınları artıb. Hatay, Muğla, Adana, Tekirdağ, Balıkəsir, Çanaqqala və Mersindən sonra Diyabəkirdən də yanğın xəbəri gəlib. Bəzi bölgələrdə yanğınlar nəzarət altına alınsa da, alovla mübarizə Tekirdağ, Çanaqqala və Diyabəkirdə hələ də davam edir. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, son bir həftədə yanğınlarla bağlı 7 nəfər saxlanılıb, onlardan 2-si həbs edilib.
Digər tərəfdən, Tekirdağ və Çanaqqalada yanğınlara qarşı iki fərqli nöqtədən- hava və qurudan mübarizə davam edir. Çanaqqalada yanğın küləyin təsiri ilə böyüdüyündən 8 kənd zərər çəkib, 6 kəndin boşaldılmasına qərar verilib. Nəticədə Çanaqqala yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Alovun söndürülməsi məqsədilə bölgəyə 13 helikopter, 5 təyyarə, 79 texnika və çox sayda canlı qüvvə cəlb olunub.
Aparılan araşdırmalar nəticəsində Türkiyənin Milas bölgəsində yanğın törətməkdə şübhəli bilinən 47 yaşlı Mahmud Dilbaz həbs edilib. Məlum olub ki, Dilbaz qəsdən meşəlik əraziyə partlaya bilən sıxılmış barıtdan hazırlanmış torpedo atıb. Mahmud Dilbazın evinə və bağçasına baxış keçirilib. Çox sayda torpedo parçaları tapılaraq müsadirə edilib. Xatırladaq ki, Muğlanın Milas rayonunda 160 hektar əraziyə ziyan vuran yanğın iyulun 15-də baş verib. Əraziyə 18 helikopter və 12 təyyarə göndərildikdən sonra yanğın söndürülüb.
Leyla
