00:00:00
Yazar
Admin User
28.08.2025 19:05 130 3 dəq oxuma
Siyasət

Türkiyədən Putin və Zelenskiyə təklif...

Türkiyədən Putin və Zelenskiyə təklif...

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “HaberTürk”ə açıqlamasında deyib.

 

"Zelenski ilə Putin İstanbulda görüşə bilərlər, niyə də yox? Cənab Prezidentimiz prosesi qətiyyətlə idarə etdi. O, Ukraynanın hüquqi mövqeyini qəbul edərək, digər tərəfdən cənab Putinlə də prosesi son dərəcə müsbət şəkildə yönləndirdi".

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a bildirib ki, Türkiyənin vasitəçilik potensialı kifayət qədər yüksəkdir:

 

"Çünki Türkiyə indiyə qədər bunu bir neçə dəfə sübut edib. Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə münasibətləri normal məcrada inkişaf edir. Digər tərəfdən rəsmi Ankara bir neçə dəfə Rusiya və Ukrayna təmsilçiləri arasında görüşün keçirilməsinə nail olub. Hətta birinci və ikinci İstanbul görüşü məhz Türkiyənin təşəbbüsü ilə baş tutub. Bundan öncə də Rusiya və Ukrayna arasında savaşın daha əvvəlki mərhələsində görüş keçirilmişdi. Ukrayna və Rusiya isə sülhə razılaşmışdı. Ancaq sonradan Qərbdə bəzi siyasi dairələr bunu əngəllədilər. Xüsusilə Bayden adminstrasiyasının müdaxilə etdiyi haqqında məlumatlar var və nəticədə anlaşma pozulmuş oldu. Sonraki mərhələdə birinci və ikinci İstanbul görüşlərinin keçirilməsi böyük bir irəliləyişə nail oldu. Çünki tərəflər humanitar mövzularda anlaşma əldə etdilər və əsirərin dəyişdirilməsi prosesi baş verdi. Bu baxımdan Türkiyə bu məsələdə vasitəçilik missiyasını yerinə yetirməyə ən uyğun dövlətlətin sırasına daxildir. Hətta hesab etmək olar ki, Türkiyə ilk sırada yer alır. Sadəcə birinci və ikinci İstanbul görüşlərinin pozulması məhz Rusiyanın günahı ucbatından baş verdi. Çünki Rusiya təhdidkar mövqe tutdu və nəticədə hər iki görüşdə humanitar sahə istisna olmaqla anlaşma əldə olunmadı. Bu baxımdan hesab etmək olar ki, Türkiyənin təşəbbüsü ilə İstanbulda Rusiya və Ukrayna arasında görüşlər keçirilə bilər. Eyni zamanda Zelenski və Putin arasında da görüş keçirilə bilər. Üstəlik Türkiyə bunun üçün ən uyğun ölkədir. Çünki Türkiyənin hər iki tərəflə münasibəti yaxşı olmaqla yanaşı, nə Putin, nə də Zelenski üçün İstanbulda görüşüb, danışıqlar aparmaq o qədər də ciddi problem deyil. Hər hansı Qərb və ya Asiya ölkəsində bu müəyyən problemlər yarada bilər. Ancaq Türkiyədə hər hansı bir problemin yaranma ehtimalı yoxdur".

 

Politoloq həmçinin əlavə edib ki, nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya və Ukrayna arasında anlaşma əldə olunması baxımından müəyyən təcrübəyə malikdir:

 

"Çünki taxıl anlaşması məhz Türkiyə Prezidentinin vasitəçiliyi ilə baş tutmuşdu və taxıl ixracı ilə bağlı problemlər həll edilmişdi. Bütün faktorlar onu göstərir ki, Ərdoğan bu dəfə də Zelenski-Putin görüşünün keçirilməsinə nail ola biləcək imkanlara malikdir. Əgər belə bir görüş keçirilərsə, bu Ukrayna savaşının istiqamətlərinə ciddi şəkildə təsir göstərə bilər. Ancaq burada problem ondan ibarətdir ki, Zelenski görüşə hazır olduğunu bildirsə də, Kreml Putinin Zelenski ilə görüşməsində maraqlı deyil və bu görüşün baş tutmaması üçün elə bir variant təklif edir ki, Zelenski onu qəbul etməsin. Kremildən təklif olunur ki, Zelenski və Putin məhz Moskvada görüşsünlər. Bu da absurt və məntiqsiz bir təklifdir, çünki ərazisi işğal olunan bir ölkə işğalçı ölkənin paytaxtında görüş keçirtməz. Təbii ki, Zelenski Moskvada görüşməyə razılaşmır, neytral bir ölkədə görüşməyə hazır olduğunu bildirir. Amma belə bir görüşə də Rusiya razılaşmır. Bu da o deməkdir ki, hazırda görüşün keçirilməsi qarşısındakı əsas problem Rusiyanın neoimperialist vərdişləridir. Ümumi anlamda Rusiya elə şərtlər irəli sürür ki, həmin şərtlər Ukraynanın, ABŞ-nin və Avropa Birliyinin kapitulyasiyası məzmunu daşıyır. Rusiya yalnız öz şərtlərinin qəbul olunması halında sülh sazişinə razılıq vermək niyyətində olduğunu bildirir. Hesab etmək olar ki, Türkiyənin vasitəçilik missiyası tamamilə realdır, amma bu görüşün baş tutma ehtimalının qarşısında yeganə bir əngəl Rusiyanın təhdidkar, güzəştsiz və beynəlxalq hüquq normalarına zidd mövqeyi ilə bağlıdır".


Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər