00:00:00
Yazar
Admin User
22.07.2025 16:06 356 3 dəq oxuma
Siyasət

"Türkiyənin Artan Rolu Rusiyanın Qafqazdakı Təsirini Azaldır"

"Türkiyənin Artan Rolu Rusiyanın Qafqazdakı Təsirini Azaldır"

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Milan Lazoviçə görə, Türkiyənin regionda artan rolu Moskvanın Cənubi Qafqazdakı təsirini zəiflədir. O bildirib ki, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik Ankaraya əlavə diplomatik imkanlar yaradır. Lazoviçin fikrincə, Türkiyə Prezidenti Ərdoğan bu vəziyyətdən istifadə edərək vasitəçilik təşəbbüsü göstərə bilər.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə Ərdoğan hakimiyyətinin sayəsində geniş imkanlar əldə edərək inkişaf edir:

 

"Azərbaycanla yaxın müttəfiqlik hər iki ölkəyə böyük imkanlar qazandırır. Qarabağın azad edilməsi, Ermənistanla münaqişənin itirilməsi, münasibətlərin nizama salınması və sülhə doğru gedişlər, habelə Türkiyənin Suriyadakı nailiyyətləri onun regionda hansı dərəcədə imkanlara sahib olduğunun göstəricisidir. Eyni zamanda Qafqazda artan nüfuzu təbii olaraq Ukrayna ilə müharibədə bataqlığa sürüklənən və Qafqazı öz imperiyalist ambisiyalarına uyğun olaraq təzyiq altında saxlamağa çalışan Rusiyanın həm nüfuzunu, həm də reytinqini aşağı salır. Demokratikləşməyə və Qərblə balanslı siyasətə can atan ölkələrə qarşı Rusiyanın aqressiv təsirləri onu Qafqazda da sıxışdırır. Türkiyənin Cənubi Qafqazda artan təsiri təbii bir haldır və Azərbaycanla müvafiq əlaqələrin sayəsində, bu vasitə ilə digər Qafqaz ölkələri ilə də iqtisadi, ticari, siyasi əlaqələrin inkişafına gətirən səbəblər bu halı labüdləşdirir. Rusiyanın təsir imkanlarının zəifləməsi regionda təhlükəsizliyi möhkəmləndirir, yeni separatçı münaqişələrin baş qaldırması ehtimalını minimuma endirir. Şübhəsiz ki, yaxın zamanda Cənubi Qafqazda güc balansı Türkiyənin xeyrinə dəyişəcək. Buna rəğmən, Türkiyə də Rusiyanı tam təcrid etmək niyyətində deyil. Sadəcə sabitlik və təhlükəsizlik şəraitində münasibətlərin saxlanılması və reallıqla barışılması fonunda yeni uyğun əlaqələrin qurulması, dəyişmiş balansa müvafiq addımların atılması qaçılmazdır".

 

Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycan və Rusiya arasındakı gərginlik, Moskvanın Azərbaycana qarşı haqsız davranışları həm bölgə ölkələrinin Rusiyadan daha da uzaqlaşmasına zəmin yaradır, həm də Türkiyənin Cənubi Qafqazda təsirini artırır:

 

"Həmçinin Ermənistanın Rusiyadan uzaqlaşması onu da Türkiyəyə yaxınlaşdırır. Rusiya Cənubi Qafqazı təhdid altında saxlamaqla, münaqişələri qızışdırmaqla, separatçılıq toxumları səpməklə təsirində saxlamaq istəyir. Ancaq Türkiyə isə qarşılıqlı maraqları qorumaqla, sülh və sabitlik şəraitində, yeni əlaqələrin qurulması ilə siyasi gücünü artırır. Təbii ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan ilə münasibətlərinin gərginlik həddinə gəlməsi onu Cənubi Qafqazda arzuolunmaz qonağa çevirir və təbii olaraq da onun yerini Türkiyə tutur. Rusiyanın Suriyada məğlub olması və Türkiyənin qalib gəlməsi, Moskvanın Ermənistanda özünə yaxın qüvvələri hakimiyyətə gətirə bilməməsi və Ukrayna savaşında dünyanın qınağına tuş gəlməsi sözügedən prosesləri daha da sürətləndirir. Getdikcə Türkiyənin regionda, habelə Cənubi Qafqazda təsir dairəsi genişlənəcək və bu ölkələrlə qurduğu çoxşaxəli əlaqələr balansı təbii olaraq Türkiyə lehinə dəyişəcək. Bununla yanaşı, Azərbaycan da öz növbəsində Türkiyənin artan təsirindən bəhrələnəcək və birgə inkişaf tempində siyasi, iqtisadi, ticari, enerji sahələrində də bu ölkələrlə yeni layihələr üzərindən öz nüfuzunu artıracaq".

 

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər