“TAXIL SAZİŞİ” BƏRPA OLUNA BİLƏR
“Taxıl dəhlizi”nin ədalətli şərtlərlə yenidən açılması üçün işlərə başlanılıb. Rəsmi Moskvanın dördtərəfli sazişdən çıxması Odessada hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi də yaradıb.
Türkiyə bütün tərəflərin, xüsusilə Rusiyanın gözləntilərini nəzərə alaraq “Taxıl müqaviləsi”nin bərpasına səy göstərir. Buna görə Ankara BMT və Qərb ölkələri ilə əlaqələrə başlayıb. Türkiyənin səylərini ABŞ də dəstəkləyir. Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya “Taxıl sazişi”ndən çıxarkən taxılını dəhliz vasitəsilə dünya bazarına çıxara bilmədiyini, dəhlizdən təkcə Ukraynanın yararlandığnğ iddia edirdi. Bundan başqa rəsmi Moskva vurğulamışdı ki, sazişdə Rusiyanın ərzaq və gübrə ixracı nəzərdə tutulsa da, həyata keçirilməyib. “Rusiya taxıl sazişinin davam etməsində maraqlı deyildi və Qara dənizdə öz hərbi mövcudluğunu inkişaf etdirməyə çalışırdı. Buna görə Rusiya taxıl sazişindən çıxdı və onun taxılın Afrikaya getməməsi ilə verdiyi açıqlamalar düşünürəm ki, manipulyasiyadır. Çünki Afrika ölkələrinin Sankt-Peterburqda keçirilən zirvə görüşündə bu istiqamətdə açıqlamalar oldu ki, Rusiya burada yalan danışır”.
Məhəmməd Əsədullazadə deyir ki, hazırda Qara dənizin qərb istiqaməti istisna olmaqla, digər limanlar təhlükədədir. Rusiya buradakı gəmilərin hərəkətinə ciddi şəkildə maneə yaradır. “Ukraynaya Qara dənizdən silah daşınması ittihamına gəlincə, bu qeyri-mümkündür. Çünki dənizlə Ukraynaya silah göndərilməsi riskli olduğundan sursatlar Polşa və Qərb istiqamətində qurudan göndərilib. Rusiyanın belə ittihamlarda əsas məqsədi Ukraynayanı iqtisadi blokadaya salmaq və ölkəyə gələn valyutanın qarşısını almaq olub. Bundan başqa, Rusiyanın əsas niyyəti Qara dənizdə hərbi hegemonluğunu saxlamaqdır. Türkiyə hərbi gərginlik yaranmaması üçün taxıl sazişini Rusiyanın iştirakı ilə həyata keçirmək istəyir. Qərblə Rusiya arasında hərbi-siyasi böhran dərinləşdiyindən Moskvanın bütün hallarda Türkiyənin dəstəyinə ehtiyacı var”.
Siyasi şərhçilər Rusiyanın Türkiyənin şərtlərinə razı olub, sazişə qoşulmağa məcbur qalacağını proqnozlaşdırır. “Əgər qoşulmasa, bu, Rusiyanın əleyhinə olacaq. Qərb, xüsusilə NATO Qara dənizdə Rusiyaya ciddi şəkildə mane yaradacaq. Bu zaman Türkiyə də Rusiyanın boğazlardan çıxmasına mane ola bilər. Politoloqlar bildirirlər ki, Rusiya sazişdən çıxmaqla Qərbə ciddi təzyiqlər etmək niyyətindədir. Yəni Moskva bütün sanksiyaların aradan qaldırılmasını istəyir”. Danışıqlar intensiv gedərsə, sazişin sentyabrın sonlarında bərpa olunması ehtimalı var.
LƏMAN
