Tbilisidə siyasi gərginlik artır
Gürcüstanda seçkilərdən sonra yaranan siyasi gərginlik səngimək bilmir. Paytaxt Tbilisidə keçirilən kütləvi etiraz aksiyalarının ardınca Baş nazir İrakli Kobaxidze hökumət əleyhinə çıxan fəallara sərt xəbərdarlıq edib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a bildirib ki, Gürcüstanın mövcud siyasi gərginliyi və bu ölkədə baş verən proseslər Qərb ilə münasibətlərə müəyyən dərəcədə təsirsiz ötüşə bilməz:
“Son dövrlərdə Tbilisidə baş verən etiraz aksiyaları, hökumətin qərbyönlü siyasətdən uzaqlaşması ilə bağlı müzakirələr Gürcüstanın xarici siyasət kursu ilə bağlı suallar doğurur. Ümumilikdə, “Qərb” anlayışı dedikdə, təkcə Avropa İttifaqı deyil, həm də ABŞ ilə münasibətlər nəzərdə tutulur. Son zamanlar bu istiqamətdə gözləntilər artsa da, münasibətlərin əvvəlki kimi səmimi və strateji xarakter daşıdığına dair fikirlər artıq birmənalı deyil. Avropa İttifaqının öz daxilində də müəyyən dəyişikliklər, siyasi ziddiyyətlər və prioritet fərqləri müşahidə olunur ki, bu da Tbilisinin inteqrasiya prosesinə təsir göstərir. Bununla belə, məsələni tam mənada neqativ qiymətləndirmək düzgün olmazdı. Gürcüstan-Qərb əlaqələri hələ də mövcuddur və tamamilə pozulmasından danışmaq əsassızdır. Sadəcə olaraq, hazırda tərəflərin yanaşmalarında müəyyən ehtiyatlılıq və taktiki dəyişikliklər hiss olunur. Gürcüstan rəhbərliyi dəfələrlə bəyan edib ki, uzaq perspektivdə Avropa strukturlarına inteqrasiya məqsədindən əl çəkmir. Lakin bu prosesdə müəyyən çətinliklər, daxili siyasi təzyiqlər və xarici təsirlər mövcuddur. Digər tərəfdən, ölkə daxilində hakimiyyətin qərarlarına etiraz edən qüvvələrin fəallaşması, müxalifətin küçələrdə səslənən tələbləri, Qərb institutlarının tənqidi bəyanatları Tbilisidə siyasi gərginliyi daha da artırır. Bu gərginlik həm ictimai-siyasi sabitliyə, həm də Gürcüstanın beynəlxalq imicinə təsirsiz ötüşmür. Nəticə etibarilə, Gürcüstanın qarşısında duran əsas vəzifə Qərb ilə münasibətləri balanslı şəkildə davam etdirmək, daxili siyasi sabitliyi qorumaq və uzunmüddətli perspektivdə Avropa inteqrasiyasına mane olan amilləri aradan qaldırmaqdır”.
Fatimə Hüseynli
