Tehran Vaşinqtona növbəti eskalasiyadan çəkinmək barədə xəbərdarlıq edib
Vaşinqton tərəfindən Tehrana qarşı hər hansı yeni təcavüz ABŞ üçün fəlakətlə nəticələnəcək.
"İnformator.az" İranın "Press TV" telekanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi bildirib.
O, "Amerika fövqəldövlətini Fars körfəzi və Oman dənizi sularında qərq etməklə" hədələyib.
"Biz onların xeyli sayda hərbi qulluqçusunu əsir götürəcəyik", - deyə o vurğulayıb və əlavə edib ki, Amerika tərəfi üçün "ən sərfəli həll yolu" vəziyyətin normallaşdırılması üçün İranın irəli sürdüyü şərtlərlə razılaşmaqdır.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani isə, öz növbəsində, ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi halda, dərhal cavab veriləcəyini bildirib.
"Əgər onlar bizə tərəf daha bir addım atarlarsa, anında operativ tədbirlər görəcəyik", - İrani qeyd edib.