00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 21:26 17 2 dəq oxuma
Siyasət

Ticarət və texnologiyada yeni imkanlar

Ticarət və texnologiyada yeni imkanlar

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafında maraqlıdır və onu regionda əməkdaşlığın mühüm istiqaməti kimi nəzərdən keçirir.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək istəyir və Şərq-Qərb marşrutunda iki böyük iqtisadi mərkəzin rolunu nəzərə alır:

 

“Şərqdə böyük Çin bazarı və Çin texnologiyası, Qərbdə isə böyük Avropa bazarı və Avropa texnologiyası var. Bu iki böyük bazarın qarşılıqlı ticarəti təkcə özlərinə deyil, bütün dünyaya iqtisadi dividendlər vəd edir. Ukrayna bunu yaxşı anlayır və başa düşür ki, Şərq-Qərb ticarətində ya tranzit ölkə, ya tərəfdaş ölkə, ya da hansısa formada iştirak etməlidir. Bu Ukraynanın milli maraqlarına tam uyğundur və bu istiqamətdə real addımlar atılmalıdır. Azərbaycan faktoru Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Ukrayna bu gün Rusiya ilə müharibə vəziyyətindədir. Halbuki Rusiya Şərq-Qərb ticarətinin ən əsas strateji tranzit ölkələrindən biri olmaq potensialına malik idi. Lakin mövcud şəraitdə Rusiya üzərindən yollar açılsa belə, bu Ukrayna üçün effektiv olmayacaq. Üstəlik, yaxın zamanda Avropa-Rusiya münasibətlərinin tam bərpası da real görünmür. Bu reallıq Ukraynanı alternativ marşrutlar axtarmağa məcbur edir. Digər quru alternativ kimi İran mövcuddur. Lakin İranın Rusiyaya hərbi-texnoloji dəstəyi, eləcə də İran-Avropa münasibətlərindəki gərginlik və sanksiyalar bu istiqaməti də Ukrayna üçün yararsız edir. Bu səbəbdən geriyə Cənubi Qafqaz marşrutu qalır və Azərbaycanın yaratdığı əlverişli geosiyasi və iqtisadi mühit Ukrayna üçün optimal seçimə çevrilir. Ukrayna anlayır ki, Azərbaycanla iqtisadi əlaqələri gücləndirməklə təkcə Şərq və Qərb arasında deyil, həm də öz milli maraqları baxımından mühüm mövqe qazana bilər”.

 

Həmçinin şərhçi vurğulayıb ki, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq bir çox sahələri əhatə edə bilər:


“Enerji təhlükəsizliyi məsələsində Azərbaycan Ukrayna üçün əsas tərəfdaşlardan birinə çevrilə bilər. Ukrayna enerji idxal edən, Azərbaycan isə enerji ixrac edən ölkədir və eyni zamanda tranzit imkanlarına malikdir. Bu istiqamətdə Ukrayna Azərbaycanla əməkdaşlıqdan ciddi fayda əldə edə bilər. Bundan əlavə, iqtisadi və ticarət sahələri ilə yanaşı, elmin sürətlə inkişaf etdiyi müasir dövrdə texnoloji biliklərin mübadiləsi də mühüm əhəmiyyət daşıyır. Hərbi-siyasi aspekt də diqqətdən kənarda qalmır. Azərbaycan vaxtilə işğala məruz qalmış, lakin sonradan ərazi bütövlüyünü bərpa etmiş dövlətdir. Ukrayna isə hazırda işğala məruz qalan və gələcəkdə bu işğala son qoymağı dövlət siyasətinə çevirən ölkədir. Bu baxımdan da tərəflər arasında təcrübə və əməkdaşlıq imkanları mövcuddur. Əgər ortada səmimi və real əməkdaşlıq olarsa, bu münasibətlər hər iki tərəf üçün uzunmüddətli üstünlüklər vəd edə bilər”.


Günel Əlili

#imkanlar #azərbaycan #yeni #baki #ticarət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər