Tiflisdən Brüsselə xəbərdarlıq: “Viza dayandırılarsa, məsuliyyət sizdədir”
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, əgər Avropa İttifaqı Gürcüstanla viza rejimini dayandırarsa, bunun məsuliyyəti Brüsselin üzərində olacaq. O, qərarın siyasi xarakter daşıdığını və gürcü xalqının cəzalandırılmamalı olduğunu vurğulayıb.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında qeyd edib ki, Gürcüstanın Aİ ilə münasibətləri son vaxtlar ciddi şəkildə korlanıb:
“Bu, ilk növbədə Gürcüstanın seçdiyi siyasi kursla bağlıdır. Xarici agentlər haqqında qanunun qəbul edilməsi və digər addımlar nəticəsində Gürcüstanla Aİ arasında soyuqluq yaranıb. Hazırda münasibətlər məsafəli və gərgin şəkildə davam edir. Əgər viza rejimi dayandırılarsa, bu, tərəflər arasında münasibətləri daha da sərtləşdirəcək və Cənubi Qafqazdakı ümumi vəziyyətə də təsir göstərəcək. Çünki Aİ–nin Gürcüstanla əlaqələrinin inkişaf dinamizmi dayanacaq. Avropa İttifaqının regionda Ermənistanla münasibətləri inkişaf edir, Azərbaycanla isə daha çox sabit bir xətt mövcuddur. Üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq aparılsa da, Aİ–Azərbaycan münasibətlərində sanki bir durğunluq var. Gürcüstanla münasibətlər isə getdikcə gərginləşir. Viza məsələsinin gündəmə gətirilməsi Gürcüstan xalqının hökumətə qarşı yönləndirilməsi təsiri yarada bilər. Digər tərəfdən, Gürcüstanın Aİ və ABŞ-dən çox Rusiya ilə yaxın görünməsi Brüsseldə narazılıq yaradır. Aİ-nin verdiyi mesaj aydındır: “Əgər Avropa ilə yaxınlaşmaq və orada yaşayıb işləmək istəyirsinizsə, hakimiyyətinizin siyasətinə yenidən baxın”. Bu, faktiki olaraq siyasi islahat çağırışıdır. Hər halda, hazırkı Gürcüstan hakimiyyəti ilə Aİ arasında münasibətlərin yaxın zamanda müsbət istiqamətdə dəyişəcəyini demək çətindir”.
Mələk Hüseynova