00:00:00
Yazar
Admin User
16.12.2025 06:00 116 2 dəq oxuma
Siyasət

Tokayev Bakı–İrəvan sülh gündəmini dəstəkləyir

Tokayev Bakı–İrəvan sülh gündəmini dəstəkləyir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakı və İrəvan arasında əldə olunan Vaşinqton razılaşmalarını yüksək qiymətləndirməsi Cənubi Qafqazda sülh prosesinə beynəlxalq dəstəyin genişləndiyini göstərir. Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda səsləndirilən bu mövqe regionda tamformatlı sülh müqaviləsinin imzalanacağına dair gözləntiləri daha da artırır. Tokayevin fikrincə, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda da yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinə Qazaxıstanın yanaşması uzun illərdir müəyyən qədər neytral olub:

 

"Lakin Türk Dövlətləri Təşkilatı çərçivəsində Qazaxıstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Prezident Kasım Jomert Tokayevin Cənubi Qafqazda sülh və əmin-amanlığı dəstəklədiyini bildirməsi, eləcə də Vaşinqton görüşünə müsbət münasibəti bu dəstəyin bariz nümunəsidir. Bu həm Türk Dövlətləri Təşkilatı daxilində Azərbaycana olan siyasi dəstəyin ifadəsidir, həm də Qazaxıstan–Azərbaycan münasibətlərinin son illərdə normallaşması və inkişafı ilə bağlıdır. Eyni zamanda Qazaxıstanın Qərblə, xüsusilə Avropa ölkələri və ABŞ-lə yaxınlaşma siyasətinin nəticəsi kimi də dəyərləndirilir. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Mərkəzi Asiya liderləri ilə görüşündə ön plana çıxan ölkə məhz Qazaxıstan olub".

 

Politoloq həmçinin qeyd edib ki, bu kontekstdə Qazaxıstanın Azərbaycan-Ermənistan sülh gündəminə münasibətində Vaşinqton görüşünün detallarına xüsusi diqqət yetirməsi də təsadüfi deyil:

 

"Rəsmi Astananın son illərdə ABŞ-lə yaxınlaşması, Avropa ilə münasibətlərin normallaşdırılması və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi ölkənin strateji prioritetləri sırasındadır. Uzun müddət Cənubi Qafqazda Ermənistanın işğalı nəticəsində ticarət yollarının bağlı olması həm Avropa, həm də Mərkəzi Asiya üçün ciddi maneələr yaradıb. Regionda müharibə vəziyyətinin sona çatması isə Avropa üçün Mərkəzi Asiya və Çin bazarlarına çıxışı asanlaşdırır, Mərkəzi Asiya ölkələri üçün isə yeni nəqliyyat yollarının açılmasına şərait yaradır. Bu baxımdan Mərkəzi Asiyanın lider dövləti olan Qazaxıstan üçün Avropaya alternativ, təhlükəsiz və daha sürətli çıxış imkanlarının formalaşması strateji əhəmiyyət daşıyır". 

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər