Tokioda isti havalara görə 56 nəfər ölüb
Yaponiyanın paytaxtı Tokioda 16 iyun – 31 iyul tarixləri arasında 56 nəfər günvurma nəticəsində həyatını itirib.
Yay fəslinin başlanğıcından bəri Tokioda təsirini göstərən şiddətli isti havaların acı nəticələri aydınlaşmağa başlayıb. Tokyo Tibb Ekspertizası İnstitutunun ilkin məlumatlarına görə, 16 iyun – 31 iyul tarixlərini əhatə edən 1,5 aylıq dövrdə şəhərin 23 inzibati bölgəsində yaşayan 56 nəfər günvurma səbəbilə dünyasını dəyişib.
Ən çox ölüm halı 70 yaş və üzərində qeydə alınıb. 80-ci illərdə olan 16 nəfər, 60-cı illərdə olan 10 nəfər həyatını itirib. Həmçinin ölən 56 nəfərdən 54-nün evdə öldüyü və bunlardan 38-nin evində kondisioner olmasına baxmayaraq, ondan istifadə etmədiyi müəyyən olunub. 11 nəfərin kondisionerdən istifadə etdiyi halda öldüyü, 5 nəfərin isə evində heç kondisioner olmadığı bildirilib.
Mütəxəssislər ev daxilində temperaturun 30 dərəcəni aşa bildiyinə diqqət çəkərək, günvurmadan qorunmaq üçün bol su içməyi və kondisionerdən istifadə etməyi tövsiyə ediblər.
Yaponiyanın geniş bölgələrində iyun ayının əvvəlindən bəri təsirli olan aşırı isti hava həyat şəraitini çətinləşdirib. 30 iyul tarixində Hyogo prefekturasının Tamba şəhərində ölkə tarixində indiyədək qeydə alınan ən yüksək temperatur ölçülüb,termometrlər 41,2 dərəcə göstərib. Tokyo da daxil olmaqla bir çox ərazidə 35 dərəcə və üzəri temperatur qeydə alınıb.
Haber Global
Nuray Əliyeva