00:00:00
Yazar
Asiman Vəliyeva
03.03.2026 21:48 20 3 dəq oxuma
Sosial

“Tox olsanız belə, şirniyyata niyə ‘yox’ deyə bilmirsiniz?”

“Tox olsanız belə, şirniyyata niyə ‘yox’ deyə bilmirsiniz?”

Bəzən insanlar tox olduqları halda belə şirniyyata meylli olurlar. Bu, sadəcə aclıq hissi ilə izah edilə bilməz. Beynin mükafat sistemi, vərdişlər və emosional vəziyyət bu istəyə təsir edir. Şirniyyat həm tez enerji verir, həm də bəzən emosional rahatlıq yaradır, buna görə də, onun qarşısını almaq çətinləşir.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində psixoloq Əsmayə Hüseynzadə bildirir ki, tox olmağımıza baxmayaraq şirniyyata can atmağımız əksər hallarda fiziki aclıqla deyil, emosional ehtiyaclarla bağlıdır:

 

“Şirniyyat beyində dopamin və serotonin kimi “xoşbəxtlik hormonları”nın ifrazını artırır. Bu isə insanda müvəqqəti rahatlıq və məmnunluq hissi yaradır. Stress, yorğunluq, darıxma, hətta mükafatlandırma ehtiyacı belə şirniyyata yönəlməyə səbəb ola bilər. Uşaqlıqdan formalaşan “şirniyyat = sevinc” assosiasiyası da burada mühüm rol oynayır. Məsələn, bayramlarda, uğur qazandıqda və ya təsəlli verilərkən şirniyyat təqdim olunması beynimizdə bu əlaqəni möhkəmləndirir. Bəzən bu istək emosional boşluğu doldurma cəhdi olur. İnsan özünü narahat, dəyərsiz və ya sıxılmış hiss etdikdə, sürətli həzz mənbəyi kimi şirniyyata yönəlir. Şirniyyat yüksək şəkər tərkibinə görə beyində mükafat sistemini aktivləşdirir. Bu sistem nə qədər tez-tez stimullaşdırılarsa, beyin həmin hissi yenidən yaşamaq istəyir. Nəticədə vərdiş formalaşır. Digər tərəfdən, qadağa psixologiyası da rol oynayır. İnsan özünə “şirniyyat yeməyəcəyəm” kimi sərt məhdudiyyət qoyduqda, beyin bunu məhrumiyyət kimi qəbul edir və istək daha da güclənir. Sosial faktorlar da təsirlidir. Qonaqlıq, ofis mühiti, bayram süfrələri bütün bunlar şirniyyatı əlçatan və sosial baxımdan “normal” edir. İnsan isə sosial uyğunlaşma instinkti ilə seçim edir.  Burada əsas məqam odur ki, çox zaman problem iradə zəifliyi deyil, emosional tənzimləmə bacarığının kifayət qədər inkişaf etməməsidir. Birinci addım fərqindəlikdir. İnsan özünə sual verməlidir. “Hazırda həqiqətən acam, yoxsa emosional bir ehtiyacım var?” Bu qısa pauza avtomatik davranışın qarşısını ala bilər. İkinci olaraq, alternativ emosional çıxış yolları tapmaq vacibdir. Məsələn, qısa gəzinti, su içmək və ya isti çay, nəfəs məşqləri, sevdiyin biri ilə qısa söhbət və.s. Üçüncü üsul “tam qadağa” yerinə balans strategiyasıdır. Özünə həftədə müəyyən miqdarda şirniyyat icazəsi vermək beyində məhrumiyyət hissini azaldır və nəzarəti asanlaşdırır. Eyni zamanda, mühitin tənzimlənməsi effektivdir. Evdə və ya iş yerində şirniyyatı əlçatan yerdə saxlamamaq, əvəzində meyvə və ya qoz-fındıq kimi seçimlər yerləşdirmək davranışı dəyişməyə kömək edir. Ən vacibi isə özünə qarşı sərt və ittihamedici olmamaqdır. Günahkarlıq hissi yeni emosional yemə davranışını tetikləyə bilər. Davranış dəyişikliyi mərhələli və şüurlu şəkildə baş verməlidir”.


Həmçinin mövzu ilə bağlı dieotoloq Xumarə İsmayılova bildirir ki, toxluq hissinə baxmayaraq şirniyyata meyl bir çox insanın gündəlik qarşılaşdığı haldır:

 

“Mütəxəssislər bildirirlər ki, bu vəziyyət hər zaman aclıqla bağlı olmur, əksər hallarda metabolik və hormonal faktorlarla əlaqəlidir”.


Dietoloqun sözlərinə görə, mədənin dolu olması orqanizmdə enerji balansının stabil olması demək deyil:


“ Gün ərzində qeyri-bərabər qidalanma, zülal və lif çatışmazlığı qan şəkərinin sürətlə qalxıb-enməsinə səbəb olur. Qlükoza səviyyəsinin enməsi isə beyində “enerji ehtiyacı” siqnalı yaradır və bədən sürətli enerji mənbəyi olan şəkərə yönəlir. Bundan əlavə, yuxu çatışmazlığı və stress hormon balansını pozaraq şirin qidalara meyli artıra bilər”.

 

Mütəxəssis qeyd edir ki, şəkərin həddindən artıq qəbulu bir sıra sağlamlıq riskləri yaradır:


“ Qan şəkərinin tez-tez dalğalanması insulin müqavimətinə, uzunmüddətli dövrdə isə 2-ci tip diabet riskinə səbəb ola bilər. Eyni zamanda artıq şəkər qəbulu çəki artımı, ürək-damar problemləri və qaraciyərin yüklənməsi ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik sərbəst şəkər qəbulunun ümumi enerji tələbatının 10 faizindən az olmasını tövsiyə edir. Daha sağlam göstərici isə bu həddin 5 faizdən aşağı saxlanılmasıdır. Şirniyyata qarşı müqaviməti artırmaq üçün isə əsas prinsip qan şəkərinin sabit saxlanılmasıdır. Dietoloq balanslı qidalanmanı, zülal və liflə zəngin məhsullara üstünlük verilməsini, su balansının qorunmasını və müntəzəm qidalanma rejimini tövsiyə edir. Mütəxəssislər vurğulayırlar ki, şirniyyatı tam qadağan etmək əvəzinə porsiya nəzarəti və ölçülü istehlak daha effektiv və davamlı nəticə verir”.

 

Ədilə Hüseynzadə

#xəbər #baki #niyə #gündəm #belə #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər