00:00:00
Yazar
Ayşən Səlimova
10.03.2026 20:01 15 2 dəq oxuma
Dünya

Tramp: ABŞ İsfahandakı nüvə obyektinə görə İrana yerüstü qoşun göndərməyi nəzərdən keçirmir

Tramp: ABŞ İsfahandakı nüvə obyektinə görə İrana yerüstü qoşun göndərməyi nəzərdən keçirmir

ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın İsfahan şəhərində yerləşən nüvə obyektində materialların təhlükəsizliyini təmin etmək üçün İrana yerüstü qoşun göndərilməsi variantını “heç yaxından belə nəzərdən keçirmir”. Onun sözlərinə görə, Vaşinqton regiondakı vəziyyəti diqqətlə izləsə də, ABŞ hərbçilərinin birbaşa quru əməliyyatına cəlb olunması planlaşdırılmır. Tramp vurğulayıb ki, əsas məqsəd gərginliyin daha da artmasının qarşısını almaq və nüvə təhlükəsizliyi ilə bağlı riskləri minimuma endirməkdir.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın açıqlaması ABŞ-nin İranla bağlı regiondakı hərbi strategiyasının əsas prinsiplərini ortaya qoyur:

 

“Bu yanaşma göstərir ki, ABŞ nüvə məsələlərində hərbi təzyiqi birbaşa əməliyyatlarla deyil, siyasi, diplomatik və strateji vasitələrlə həyata keçirməyə üstünlük verir. Yəni ABŞ riskləri minimuma endirmək, gərginliyi artırmamaq və potensial hərbi qarşıdurmadan qaçmaq üçün ölçülü strategiya yürüdür. Bu açıqlama həm də regiondakı müttəfiqlərə və beynəlxalq ictimaiyyətə mesaj verir ki, ABŞ nüvə obyektləri ilə bağlı problemləri hərbi müdaxilə olmadan həll etməyə üstünlük verir, amma situasiyanı yaxından izləyir və lazım gəldikdə digər vasitələrlə tədbirlər görməyə hazırdır. Buna görə ABŞ-nin regiondakı strategiyası həm müdafiə xarakterli, həm də diplomatik və iqtisadi vasitələrdən istifadə edən çevik bir model kimi qiymətləndirilə bilər. İsfahandakı nüvə obyektləri beynəlxalq təhlükəsizlik üçün kritik əhəmiyyət daşıyır, çünki burada uranın zənginləşdirilməsi və nüvə yanacağı istehsalı kimi proseslər həyata keçirilir. Bu obyektlərdə qəza və ya sızma baş verərsə, region və beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə yarana bilər. Beynəlxalq narahatlıq həm də İranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən qeyri-müəyyənlikdən irəli gəlir. Nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı şəffaflığın olmaması və beynəlxalq monitorinqə məhdud çıxış digər ölkələrdə nüvə texnologiyalarının yayılması ehtimalı ilə bağlı qorxu yaradır. Buna görə də bu obyektlərin təhlükəsizliyi beynəlxalq ictimaiyyət üçün də prioritet hesab olunur. ABŞ-nin İrana quru qoşun göndərməməsi regionda gərginliyin artmasının qarşısını almaq və hərbi eskalasiya riskini azaltmaq baxımından önəmlidir. Bu yanaşma region dövlətlərində hərbi müdaxilə qorxusunu da azaldır. Eyni zamanda quru əməliyyatları uzunmüddətli və riskli ola biləcəyi üçün ABŞ və müttəfiqləri resurslarını daha ehtiyatla istifadə etməyə çalışır. Buna görə ABŞ situasiyanı diqqətlə izləyir və ehtiyatlı addımlar atır. Bu strategiya regionda eskalasiyanı dərinləşdirməmək və potensial qarşıdurma risklərindən qaçmaq məqsədi daşıyır”.

 

Cavahir Əsgərbəyli

#göndərməyi #nüvə #gündəm #i̇sfahandakı #i̇rana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər