Tramp: ABŞ neft hasilatında OPEC-dən daha güclü mövqeyə sahibdir
ABŞ Prezidenti Donald Tramp ölkəsinin neft hasilatı sahəsində Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) daha güclü mövqeyə sahib olduğunu iddia edib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, dünya üzrə neft hasilatının təxminən 13% ABŞ-nin payına düşsə də, OPEC bu bazarda daha üstün mövqeyə malikdir:
"Bu üstün mövqe hasilatın maya dəyəri və OPEC-in ixrac potensialına görə yaranır. Belə ki, ABŞ hasil etdiyi neftin çox az hissəsini qlobal bazara çıxararaq ixrac edir və hasil olunan neftin maya dəyəri OPEC neftinin maya dəyərindən daha yüksəkdir. Üstəlik OPEC-dən fərqli olaraq, ABŞ siyasi qərarları ilə neft hasilatının və təklifini tənzimləyə bilmir. ABŞ-də bu cür qərarlar özəl şirkətlər tərəfindən müstəqil qaydada bazar qiymətindən asılı olaraq verilir. Bu baxımdan hazırda ABŞ-nin neft bazarına OPEC qədər təsir edə bilməsi və nəticədə bu bazarın dominant oyunçusuna çevrilməsi real görünmür”.
Güllər Gülhüseynova