Tramp: Asiya ölkələri Tailand–Kamboca atəşkəsinə nəzarət edəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Malayziya və digər Asiya ölkələri Tailandla Kamboca arasında atəşkəsə nəzarət etmək üçün müşahidəçilər göndərəcək. O, ASEAN sammitində bu açıqlamanı verib və qeyd edib ki, bu addım sülhün davamlılığını təmin edəcək. Tramp, həmçinin Kambocanın 18 əsiri azad edəcəyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Tailand və Kamboc son zamanlarda Çin və ABŞ arasında rəqabət meydanı olan ərazilərdir:
“Görünür ki, ABŞ bölgədə öz təsirini artırmaqla Çini bu bölgədən uzaqlaşdırmaq üçün bir sıra yollara əl atır. Burada ən ağla batan region ölkələrinin burada təsirini artırmaqdır. Məsələn: Malayziya Kamboca və Tailand atəşkəs məsələsində yardım etməsi, eyni zamanda Kambocanın 18 əsiri azad edəcəyi haqqında açıqlama verməsi Trampın buna çalışması, şübhəsiz ki ABŞ-nin Çinin ətrafında olan ölkələri nəzarət altına almaq üçün keçirtdiyi aksiyadır. Burada əsas məsələ Çini nəzarətdə saxlamaqdır. Yəni rəsmi Vaşinqton belə fikirləşir ki, bu ölkələrə təsirini gücləndirməklə Çin üzərində öz hegemonluğunu bərpa edə bilər. Bu ölkələrdə ABŞ-nin də əvvəllər şiddətli müharibəsi olub: Vyetnamda baş verən müharibə ABŞ tarixində çox dəhşətli müharibə xatirəsidir. Görünür ki, ABŞ yenidən daha yumşaq şəkildə regiona daxil olmağa çalışır və bu yöndə də müəyyən addımlar atır. Bu təbii ki, kütləvi vüsət alacaq bir məsələ deyil. Bəzi münaqişə ocaqlarını Tramp aradan qaldırmaqla özünü sülhpərvər kimi formalaşdırmaq istəyir. Asiya ölkələri ilə əlaqələri daha da gücləndirməsi ABŞ-nin iqtisadi gücünün bu regiona yayılmasına və həmçinin Çinin xarici iqtisadiyyatına mənfi təsir etmək üçün atılan addımlardır”.
Mələk Hüseynova