Tramp: “Avropa Rusiya nefti alışıni dayandırmalıdır”
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışığında bəyan edib ki, Avropa Rusiya neftinin alışını dərhal dayandırmalıdır. Onun sözlərinə görə, Avropa İttifaqının Rusiya neftini idxal etməsi Moskvanın iqtisadi imkanlarını gücləndirir və bu, həm regional təhlükəsizliyə, həm də Ukraynaya dəstəyə mənfi təsir göstərir.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı ABŞ-dən asılı vəziyyətdədir və Avropa İttifaqı Amerikanın kiçiyidir:
“ Tramp bir çox hallarda ziddiyyətli açıqlamalar verir. Bir gün ərzində üç fərqli mövqe ifadə edə bilir. Lakin Avropa İttifaqında Rusiya ilə münasibətlərin qorunmasını istəyən qüvvələr də var. Məsələn, Macarıstan və Slovakiya kimi ölkələr, eləcə də Fransada millətçilər Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını dəstəkləyirlər”.
Politoloqun sözlərinə görə, Avropa ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ imkanlar mövcuddur:
“Müharibə dövründə belə Ukrayna ərazisindən Rusiya qazının daşınması davam edib. Bəzən pul maraqları dövlətin milli maraqlarından üstün tutulur. Amma alternativlər də var. Qətər qazı, Türkmənistan və Qazaxıstan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çatdırıla bilər. Hətta Suriya üzərindən keçməsi nəzərdə tutulan boru kəməri layihəsi də gündəmdə olub. Müasir texnologiyalar sayəsində qazı mayeləşdirib tankerlərlə və hətta təyyarələrlə də Avropaya çatdırmaq mümkündür”
Mələk Hüseynova