Tramp demokratları günahlandırıb
ABŞ hökuməti, Konqresin büdcə ilə bağlı razılığa gələ bilməməsi səbəbindən bağlanıb.Bu, 2018-ci ildən bəri ilk dəfədir ki, ABŞ hökuməti bağlanır. Prezident Donald Trump, bu vəziyyəti Demokratları ittiham edərək izah edib.
Mövzu ilə bağlı politoloq İlkin Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, hökümətin bağlanmasının əsas səbəbi Donald Trumpın sərt siyasətidir:
“Amerika hökumətinin bağlanmasında Trump demokratları ittiham etsə də, əsas məsələ Donald Trumpın sərt siyasətidir . Onun sərt xarici və daxili siyasətləri, xüsusilə miqrantlara qarşı sərt mövqeyi, həmçinin ABŞ-nin daxili və xarici siyasətinə ciddi zərbə vurub. Bu səbəbdən ABŞ hökumətində belə böhranlar yaranır. Buna baxmayaraq, Çin, Rusiya və Avropa İttifaqı kimi beynəlxalq aktorların Amerikanın zəifləməsindən faydalanmaq ehtimalı çox zəifdir. Çünki Birləşmiş Ştatlar nə qədər daxili böhranlar yaşasa da, hələ də dünyanın ən hegemon dövlətidir və liderliyini qoruyub saxlayacaq".
Politoloq eyni zamanda açıqlamasında bildirib ki, gələcəkdə bu təsirlərin aradan qaldırılması üçün yeni siyasi kursların formalaşması gözlənilir:
“Trump hakimiyyətindən sonra ABŞ-nin beynəlxalq siyasətdə etibarlılığı zəifləsə də, digər ölkələrlə münasibətlərin gərgin olması, məsələn, vergi və ticarət məsələlərində Avropa Birliyi və Çinlə yaranan problemlər, bu zəifləmənin əsas səbəblərindəndir. Həmçinin, Trump hakimiyyətə gələndən sonra hətta Avropa liderləri də onu ciddi şəxsiyyət kimi qəbul etmirdilər. Nəticədə, ABŞ-nin beynəlxalq imici və etibarlığı ən çox Donald Trumpın sərt və bəzən aqressiv siyasətləri ilə zədələnib. Lakin ABŞ-nin mövqeyi hələ də güclüdür və gələcəkdə bu təsirlərin aradan qaldırılması üçün yeni siyasi kursların formalaşması gözlənilir”.
Bayramlı Zəri
