00:00:00
Yazar
Nərmin Həşimova
21.05.2026 15:25 117 3 dəq oxuma
Siyasət

“Tramp göstərməyə çalışır ki, partiya daxilində əsas siyasi mərkəz hələ də onun ətrafında formalaşır”- ŞƏRH

“Tramp göstərməyə çalışır ki, partiya daxilində əsas siyasi mərkəz hələ də onun ətrafında formalaşır”- ŞƏRH

Vaşinqtonun administrasiya rəhbəri Donald Tramp 2032-ci ilə qədər ABŞ prezidenti olaraq qalacağını ümid edir. 
"Mən burada 28-ci ildə (2028 - Qeyd) olacağam və bəlkə də 32-ci ildə (2032-Qeyd) burada olacağam. Bilmirəm. Bəlkə də olacağam", - deyə Amerika lideri bildirib. O, ABŞ hökumətinin ən yüksək vəzifəsini 2032-ci ilə qədər saxlaya biləcəyi ehtimalına istinad edib. Qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvarında başa çatması planlaşdırılır.


Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın 2032-ci ilə qədər Ağ Evdə qala biləcəyinə eyham vuran açıqlamasının arxasında ciddi siyasi və psixoloji mesajlar dayanır:


“Trampın siyasi üslubu nəzərə alınanda, bu cür bəyanatların təsadüfi olmadığı və adətən bir neçə istiqamətə hesablanan kommunikasiya strategiyasının tərkib hissəsi olduğu görünür. İlk növbədə, bu çıxış seçki öncəsi siyasi strategiyanın elementi kimi qiymətləndirilə bilər. Tramp uzun illərdir özünü sıradan prezident deyil, davam edən siyasi hərəkatın lideri kimi təqdim edir. Onun ritorikasında “Amerikanı yenidən böyük etmək” ideyasının uzunmüddətli missiya olduğu tez-tez vurğulanır. Bu baxımdan, 2032 mesajı tərəfdarlara “mən hələ siyasi səhnədən getmirəm” mesajı kimi qəbul oluna bilər. Eyni zamanda bu, Respublikaçılar Partiyası daxilində potensial rəqiblərə də ünvanlanan siqnal sayıla bilər. Tramp göstərməyə çalışır ki, partiya daxilində əsas siyasi mərkəz hələ də onun ətrafında formalaşır. Digər tərəfdən, bu tip açıqlamalar Trampın media gündəmini nəzarətdə saxlamaq taktikasına da uyğundur. ABŞ siyasətində informasiya məkanına hakim olmaq ən vacib siyasi alətlərdən biridir və Tramp bunu illərdir uğurla istifadə edir. Hüquqi problemlər, məhkəmə prosesləri və ya iqtisadi tənqidlər fonunda səsləndirilən belə sensasion açıqlamalar ictimai diqqəti başqa istiqamətə yönəldir. Yəni burada məqsəd yalnız gələcək planlardan danışmaq deyil, həm də siyasi dominantlıq görüntüsü yaratmaqdır”.


Politoloq qeyd edib ki, bu ritorikanın ABŞ-də siyasi qütbləşməni daha da gücləndirmək potensialı da var:


“Opponentlər bunu siyasi sistemin sərhədlərini test etmək cəhdi kimi qiymətləndirə, tərəfdarlar isə güclü lider obrazının davamı kimi təqdim edə bilərlər. Beləliklə, eyni bəyanat cəmiyyətdə tamamilə fərqli emosional reaksiyalar yaradır və onsuz da yüksək olan siyasi parçalanmanı daha da dərinləşdirir. Vacib məqamlardan biri də Trampın artıq 2028-dən sonrakı dövr üçün siyasi arxitektura formalaşdırmağa çalışmasıdır. O, yalnız növbəti seçkini deyil, “Trampizm”in ABŞ siyasətində uzunmüddətli təsirini qorumağı hədəfləyir. Bu mənada 2032 mesajı şəxsi prezidentlik planından daha çox siyasi hərəkatın davamlılığı ideyasına xidmət edir. Tramp anlayır ki, Respublikaçılar Partiyasında onun formalaşdırdığı populist-mühafizəkar xətt artıq ayrıca siyasi platformaya çevrilib və o həmin platformanın əsas siması olaraq qalmaq istəyir. Trampın 2032 ilə bağlı açıqlaması daha çox siyasi psixologiya və strateji kommunikasiya vasitəsi kimi görünür. Bu ritorika həm tərəfdar bazasını mobilizə etməyə, həm rəqiblərə təzyiq göstərməyə, həm də ABŞ siyasətində “Trampdan sonrakı dövr” anlayışını mümkün qədər gecikdirməyə hesablanan mesaj təsiri bağışlayır”.


Cavahir Əsgərbəyli

#Tramp #prezidentlik #açıqlama #siyasi mesajlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər