Tramp hücümu niyə dayandırdığını soruşub, Əliyev cavabında...
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ermənistanla münaqişənin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.
Bu barədə Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb. O bildirib ki, avqustda Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini soruşub. Prezident Əliyev cavabında məqsədinin yalnız işğal olunmuş torpaqları azad etmək olduğunu deyib. Uitkoff bu qərarı həqiqi lider mövqeyi kimi qiymətləndirib.
Mövzu ilə bağlı politoloq Elman Nəsirov “İnformator.az” a açıqlamasında bildirib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında mühüm açıqlamalar verib:
“O, Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı bildirib ki, 8 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı diqqətçəkən məqamlar yaşanıb. Uitkoffun sözlərinə görə, həmin görüşdə ABŞ Prezidenti Tramp Azərbaycan liderinə müraciət edərək sual verib:
“Siz Ermənistan üzərində hərbi üstünlüyə malik olduğunuz halda, niyə irəliləmədiniz? Bunun səbəbi nə olub?”
Prezident İlham Əliyev isə cavabında bildirib ki, Azərbaycanın məqsədi yalnız işğal altında olan torpaqlarını azad etmək idi və bu hədəfdən kənara çıxmaq niyyətləri olmayıb. Uitkoff əlavə edib ki, bu cavab Donald Tramp tərəfindən böyük rəğbətlə qarşılanıb və o, Azərbaycan Prezidentini “əsl dövlət adamı” adlandırıb.
ABŞ xüsusi elçisi həm özünün, həm də Trampın İlham Əliyev barədə yüksək fikirdə olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanın dövlət başçısına beynəlxalq aləmdə böyük etimad var və onun siyasi fəaliyyəti yüksək qiymətləndirilir.Stiv Uitkoffun sözlərinə görə, bu münasibət həm də Vaşinqtonda öz əksini tapıb. ABŞ rəsmiləri dəfələrlə vurğulayıblar ki, Prezident İlham Əliyev olduqca güclü və ağıllı liderdir. Eləcə də Şarm əl-Şeyxdə keçirilən beynəlxalq konfransda bir çox ölkə rəhbərləri Azərbaycan Prezidentinə müraciət edərək, onun “müasir dünyanın ən uzaqgörən liderlərindən biri” olduğunu bildiriblər. Uitkoff qeyd edib ki, bu münasibətlər nəticəsində Azərbaycan və ABŞ arasında əlaqələr artıq yüksək inkişaf mərhələsinə qədəm qoyub. Artıq iki ölkə arasında strateji tərəfdaşlıq sənədləri üzərində iş aparılır və bu istiqamətdə xüsusi işçi qrup formalaşdırılıb.Onun sözlərinə görə, liderlər arasında mövcud sıx təmaslar və qarşılıqlı etimad əlaqələri regionda sülh prosesinə də müsbət təsir göstərir. Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi və yekun sülh müqaviləsinin imzalanması üçün real zəmin yaranıb. Artıq sənədin layihəsi Vaşinqtonda paraflanıb və 2026-cı ildə sülh müqaviləsinin imzalanacağına böyük ümidlər var”.
Elman Nəsirov qeyd edib ki, Ermənistan mətbuatı da bu prosesin sürətləndiyini yazır:
“Bildirilir ki, İrəvanda parlament seçkilərinin vaxtının irəli çəkilməsi və yeni konstitusiyanın referenduma çıxarılması planlaşdırılır. Uitkoff vurğulayıb ki, bütün bu proseslər Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin nəzərə alınması ilə həyata keçirilərsə, bu, iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq. Sonda ABŞ xüsusi elçisi bildirib ki, Vaşinqton və Bakı arasında formalaşan etimad mühiti və Prezident İlham Əliyev haqqında səslənən yüksək fikirlər regionda sülhün və sabitliyin bərqərar olacağına dair ümidləri daha da artırır”.
Ləman Mahmudlu
