Tramp hələ də Putin və Zelenski arasında görüşə ümid edir
Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş hələ də zəruri olaraq qalır.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hələki, Ukrayna və Rusiya arasındakı münaqişənin həlli yolunda ümidverici hadisələr gözlənilmir:
“Putin və Zelenski arasında görüşə sadəcə ümid etmək həll yolunda ciddi səy göstərmək demək deyil. Müharibələr ümid və arzu ilə dayandırılmır. Üstəlik də Putin və Zelenski arasında arzu edilən görüşün heç bir əhəmiyyəti yoxdur. Bunu Qərb də bilir. Sadəcə bir növü başından etmək üçün bu görüşün baş tutmasına münasibət bildirirlər. Rusiya lideri müttəfiqləri ilə birgə Ukraynanı işğal edərək öz torpaqlarına qatır. Bu faktdır, reallıqdır. Qərb isə tərəddüd içində, yalnız sözdə təhdid etməklə vəziyyəti ötüşdürür.
Hazırki durumda Rusiyanın tutduğu torpaqlardan geri çəkilərək sülhə getməsi xəyaldır və o, buna getməyəcək. Bu vəziyyətə də Ukrayna razı olmur. Yaxud razı olsa belə, bu Ukrayna ilə birgə Avropanın məğlubiyyətidir. Eyni zamanda bu məğlubiyyət Rusiyanın daha da güclənməsi və növbəti hədəflərə doğru ayaq açması deməkdir. Xüsusən də Ukrayna müharibəsi Rusiyanı Çin və Şimali Koreya, Hindistan kimi müttəfiqləri ilə daha da yaxınlaşdırıb. Bu müharibədə Ukraynanın uduzmasının səbəbkarı Avropa İttifaqıdır. İndiki durumda ABŞ balansı Ukraynanın xeyrinə dəyişə bilər. O da bunu etmir. Çünki bu savaş ABŞ ilə Rusiyanın yox, Avropa ilə Rusiyanın savaşıdır. ABŞ-nin də Avropa dövlətləri ilə bu mövzuda razılaşmadığı mövzular var. Məhz bu vəziyyət Ukraynanı məğlub duruma gətirir. Rusiya lideri üçün bu görüşün mənası öz şərtlərini diqtə etmək üçündür.
Əvvəlcədən nəticəsi məlum olan görüş üçün can atmaq mənasızdır. Görüş üçün vəziyyət yaranmalıdır. O vəziyyət hələ yaranmayıb. Bunun üçün də Rusiyanın məcbur olması lazımdır. Hazırda balans Rusiyanın xeyrinə davam edir. Əgər Avropa İttifaqı ölkələri və ABŞ koalisiya şəklində Rusiyanı geri çəkilməyə məcbur etsələr, yaxud təsirli sanksiyalar tətbiq etsələr bu zaman o danışıqlara və görüşə meyilli ola bilər.
Rusiya - Ukrayna münaqişəsinin diplomatik həll yolu mümkündür, amma mümkün olası şərait hələ yoxdur. Qərb ümid edirdi ki, Rusiya uzun müharibəyə dözməyəcək ya daxildən çaxnaşmalar qalxacaq ya da iqtisadiyyat çökəcək. Amma Rusiya xarici müttəfiqləri sayəsində ayaqda dayanıb Qərblə müharibəni hələ də davam etdirir. Əgər Qərb bu planından vaz keçməyibsə üzücü müharibə hələ çox illər davam edəcək. Çünki Rusiyanın nüvə silahı ilə təhdidlərinə görə Qərb hərbi müdaxiləyə çəkinir. Sanksiyalar da müharibəni dayandırmağa məcbur edəcək dərəcəsində təsirli deyil. Nəzərdə tutulan danışıqların indiki halda heç bir əhəmiyyəti yoxdur. Nəticə etibari ilə bu müharibə hələ davam edəcək”.
Çimnaz Telmanqızı
