Tramp HƏMAS-ın sülh təklifi ilə bağlı qərarın 24 saata bəlli olacağını deyib
ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS-ın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü “son təklif”ə cavab yaxın 24 saat ərzində bəlli olacaq. O, İsrailin 60 günlük atəşkəsin əsas şərtlərini qəbul etdiyini və bu müddətdə müharibəyə son qoymaq üçün danışıqların aparılacağını vurğulayıb.
Tramp həmçinin Səudiyyə Ərəbistanı ilə İbrahim razılaşmalarının genişlənməsi, yəni İsrail və ərəb ölkələri arasında əlaqələrin normallaşması barədə müzakirələr apardığını deyib.
HƏMAS-a yaxın mənbələr bildirir ki, qrup ABŞ-nin dəstəklədiyi atəşkəs planının müharibəni dayandıracağına dair konkret təminat tələb edir. İsrailin cümə axşamı həyata keçirdiyi hücumlar nəticəsində onlarla fələstinli həlak olub. 2023-cü ilin oktyabrında HƏMAS İsrailə hücum edib, 1200 nəfəri öldürüb və 250 nəfəri girov götürüb. Sonrakı dövrdə İsrailin hücumları 56 mindən çox fələstinlinin ölümünə, aclığa və kütləvi köçə səbəb olub. Trampın bu ilin əvvəlində ABŞ-yə Qəzzanı nəzarətə götürməyi təklif etməsi beynəlxalq aləmdə sərt reaksiya doğurub.
Tramp İbrahim razılaşmaları ilə bağlı çıxışında daha çox ərəb ölkəsinin bu təşəbbüsə qoşulacağını bildirib. Bu açıqlama onun Ağ Evdə Səudiyyənin müdafiə naziri şahzadə Xalid bin Salmanla görüşündən sonra verilib. Görüş, İsrailin baş naziri Netanyahunun Vaşinqton səfərindən öncə baş tutub.
Mənbə : Reuters
Qəmər Kazımzadə