Tramp ilə Ukrayna müharibəsinin sonu barədə “anlaşmalara” gəldik
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ötən ay Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə görüşündə Ukrayna müharibəsinin başa çatdırılması barədə “anlaşmalara” nail olub.
Lakin o, Trampın vasitəçiliyi ilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə sülh danışıqlarına razılıq verib-verməyəcəyini açıqlamayıb. Trampın isə Putinə cavab üçün bazar ertəsi gününə qədər vaxt verdiyi bildirilib.
Çində keçirilən sammitdə çıxış edən Putin, Ukraynaya hücum qərarını müdafiə edib və müharibəyə görə Qərbi günahlandırıb.
Alyaska görüşündən sonra ABŞ-nin xüsusi elçisi Stiv Vitkof deyib ki, Putin gələcək mümkün sülh sazişinin bir hissəsi olaraq Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə razılıq verib, lakin Moskva hələ bunu təsdiqləməyib.
Putin, Çin və Hindistan liderləri Si Cinpin və Narendra Modi ilə görüşdüyü Şanxay Əməkdaşlıq Təşkilatının Tyanjin sammitində çıxış edib. O, Çin və Hindistan rəhbərlərinə “Ukrayna böhranının həllinə töhfə verdiklərinə görə” təşəkkür edib.
Çin və Hindistan Rusiyanın ən böyük neft alıcılarıdır və Qərbdə bu, “müharibədən zəifləyən Rusiya iqtisadiyyatını dəstəkləmək” kimi tənqid olunur.
Putin çıxışında bildirib ki, Alyaskada Tramp ilə əldə olunan “anlaşmalar” “sülhə aparan yolun açılması istiqamətində irəliləyir”.
Eyni zamanda o, yenidən iddia edib ki, “bu böhran Rusiyanın Ukraynaya hücumu ilə yox, Qərbin dəstəklədiyi və təhrik etdiyi çevriliş nəticəsində başlayıb” və müharibəni “Qərbin Ukraynanı NATO-ya çəkmək cəhdləri” ilə izah edib.
Putin illərdir Ukraynanın NATO-ya qoşulmasına qarşı çıxır. Lakin Qərb müttəfiqləri bu iddiaları dəfələrlə rədd ediblər.
Xatırladaq ki, 2014-cü ildə Putin Krımı ilhaq edib, Rusiya tərəfdarı qüvvələr isə Ukraynanın şərqində torpaq ələ keçirib. 2022-ci ilin fevralında isə Putin Ukraynaya genişmiqyaslı işğal əmri verib.
Putinin son açıqlamaları Rusiyanın Ukraynaya qarşı müharibə ərzində ikinci ən böyük hava hücumunu həyata keçirməsindən bir neçə gün sonra gəlib.
Cümə günü Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Tramp Putin üçün Zelenski ilə sülh danışıqlarına razılıq verməsi üçün bazar ertəsinə qədər vaxt qoyub. “Əgər razılaşmasa, bu, bir daha göstərir ki, Putin Trampı aldadıb”, – Makron deyib.
Lakin Tramp 22 avqustda CNN-ə müsahibəsində Putinə cavab üçün “bir neçə həftə” də vaxt verdiyini bildirib. Bu, Trampın Rusiya liderinə qarşı elan etdiyi ardıcıl ultimatum və tarixlərdən biridir. Tramp daha əvvəl Ukrayna müharibəsini “bir günə həll edə biləcəyini” deyib.
Ötən ay Putinlə görüşündən sonra Tramp atəşkəs tələbini geri çəkib və bunun əvəzinə daimi sülh sazişini müdafiə edib. O, Zelenski və Vaşinqtona təcili səfər edən Avropa liderləri ilə də görüşüb.
Tramp sülh sazişinin bir hissəsi olaraq “Ukraynanın NATO-ya daxil olmayacağını” bəyan edib. Amma eyni zamanda təhlükəsizlik zəmanətlərinə işarə edərək Avropanın “ilk müdafiə xətti” olduğunu, ABŞ-nin də bu işə qoşulacağını bildirib: “Onlara yaxşı müdafiə verəcəyik”, – deyə əlavə edib. Amma bunu ABŞ qoşunlarının Ukraynaya göndərilməsi kimi izah etməyib.
ABŞ-nin xüsusi elçisi Vitkof da CNN-ə bildirib ki, Putin təhlükəsizlik zəmanətlərinə razılaşıb. Onun sözlərinə görə, bu zəmanətlər ABŞ və Avropanın “NATO-nun 5-ci maddəsinə bənzər” bir müdafiə təmin etməsini nəzərdə tutur.
Zelenski isə təhlükəsizlik zəmanətlərinin çərçivəsinin bu həftə yazılı şəkildə təqdim olunacağını gözlədiyini deyib.
Lakin ötən cümə günü Rusiya Qərbin təkliflərini “bir tərəfli və Rusiyanı məhdudlaşdırmağa yönəlib” adlandıraraq rədd edib və bunun Kiyevi “strateji təxribatçıya” çevirdiyini bildirib.
Rusiyanın hücumları isə davam edib. Keçən həftə Moskva Kiyevə 629 pilotsuz təyyarə və raket atıb, 23 nəfəri öldürüb. Bu, müharibənin ən böyük hava hücumlarından biri olub və Avropa liderlərinin kəskin etirazına səbəb olub.
Bundan sonra Almaniya və Fransa Rusiyanı razılaşmaya məcbur etmək üçün təzyiq göstərəcəklərini bəyan ediblər.
Bu arada Zelenski sülh sazişinin bir hissəsi kimi Rusiyayla “buffer zona” yaradılması təklifini rədd edib. O, Rusiyanı diplomatiyaya hazır olmamaqda və müharibənin sonunu gecikdirməyə çalışmaqda ittiham edib.
BBC
Nəzrin Nəsirova