Tramp İrana qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb
ABŞ Prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan və “fövqəladə vəziyyət rejimi” adlanan qərarın müddətini bir il daha uzadıb.
Mövzu ilə bağlı olaraq siyasi şərhçi Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ mövcud vəziyyətdə sanksiyaları davam etdirir:
"Aydın məsələdir ki, İranla ABŞ arasında ziddiyyətlər hələ də davam edir. Düzdür, tərəflər arasında açıq hərbi gərginlik yoxdur, amma siyasi sferada bu gərginliyin izləri hiss olunur. Yəni İran tərəfi ABŞ-nin irəli sürdüyü məsələlərin həllinə getmir, öhdəlikləri yerinə yetirmir. Bu isə ABŞ-ni sanksiyalar və təzyiqlərə məcbur edir.
Xüsusilə nüvə araşdırmaları, uranın zənginləşdirilməsi və İsraillə bağlı gərginlik mövzularında İranla Vaşinqton arasında ciddi fikir ayrılıqları qalır. Bu gərginlik davam etdikcə, sanksiyaların da davam etməsi qaçılmazdır.
Donald Tramp dövründə bu münasibətləri düzəltmək üçün cəhdlər olsa da, İranın şəxsi ambisiyaları və regional siyasəti bu təşəbbüslərin qarşısını alan əsas amillər oldu. Ona görə də ABŞ mövcud mərhələdə sanksiya siyasətini davam etdirir.Əlbəttə ki, bu, ABŞ-İran münasibətlərinə təsir göstərəcək. Yəni, rəsmi addımlar olmasa belə, mövcud gərginlik və soyuqluq davam edəcək. Bu isə əsasən İrana mənfi təsir edir. ABŞ-nin İranla bağlı planları və strateji yanaşmaları hər zaman mövcud olub. Lakin İran, əslində, ABŞ-lə rəqabət apara biləcək potensiala sahib deyil. Xüsusən də ətraf ölkələrin ABŞ-lə münasibətləri getdikcə daha da yaxınlaşır.
Məsələn, Qazaxıstan tərəfi sazişlərə qoşuldu, böyük ehtimalla Özbəkistan da bu prosesə daxil olacaq. Azərbaycanla da ABŞ-nin münasibətləri yüksək səviyyədədir. Belə bir mühitdə İran təcrid olunmuş vəziyyətdə qalır. İran bu təcriddə qaldıqca, bu vəziyyət ona xeyir verməyəcək və eyni zamanda ABŞ vasitəsilə olan gərginlik də davam etdiriləcək.Tramp administrasiyası dövründə İrana qarşı sanksiyalar siyasətinə beynəlxalq aləmin reaksiyası əsasən dəstəkləyici olub".
Həmçinin siyasi şərhçi bildirib ki, sanksiyalar Şərqə mənfi təsirdən çox müsbət təsir göstərir:
"Belə desək, İrana daha yaxın mövqedə dayanan ölkələrdən biri olan Çin bu məsələyə səssiz yanaşır, Rusiya isə narazılığını bildirir, çünki oxşar sanksiyalar ona da tətbiq olunur. Amma Qərb ölkələri və Yaxın Şərq ölkələrinin əksəriyyəti bu məsələyə dair xüsusi reaksiya göstərmirlər.
Ümumilikdə isə İran özü də artıq əvvəlki kimi bu sanksiyalara sərt reaksiya vermir, çünki vəziyyətin fərqindədir və bu vəziyyət, hətta bir çox hallarda rejimin maraqlarına uyğundur. Yəni İranda mövcud olan Molla rejimi hakimiyyətini qorumaq üçün Amerikanı xalq qarşısında “düşmən obrazında” təqdim edir. Təcrübə də göstərir ki, bu tip avtoritar rejimlərin davamlılığı üçün daim bir düşmən obrazına ehtiyac var. Amerikanın bu rolda qalması isə, şübhəsiz ki, İrandakı hakimiyyətin öz maraqlarına uyğundur.
Əgər İran hakimiyyəti bu vəziyyətdən fayda görür və problemi həll etmək üçün çıxış yolu axtarmırsa, digər ölkələrin də bu məsələyə reaksiyası fərqli olmayacaq, onlar da Amerikanın mövqeyini dəstəkləməyə davam edəcəklər.İranın sanksiyalara məruz qalması yaxın Şərqdə sabitliyə müəyyən təsir göstərir, yəni yaxşı təsiri olur. Düzdür, onsuz da yaxın Şərqdə sabitlikdən danışmaq bir qədər çətindir. İran yoxdursa, İsrail var, İsrail yoxdursa, Suriya, Suriya yoxdursa, İraq, bu regionda həmişə bir problem olur. Sanki bu region ümumiyyətlə qarışıqlıq və bədbəxtlik üzünə düşüb.
Bu baxımdan, məsələnin yaxın Şərqə təsiri ola bilər ki, əgər İran sanksiyalara məruz qalmasaydı, daha güclü bir İran olardı və regionda proksi qüvvələri daha çox dəstəkləyərdi. Çünki indi belə İran Həması, Hizbullahı, Haçkişabiyyəni və Hutiləri dəstəkləyən əsas qüvvədir. Bu qədər problemi olsa da dəstək verir. Təsəvvür edin, bu problemlər olmasa nə olar.
Mənim fikrimcə, mövcud sanksiyalar ümumi mənzərədə yaxın Şərqə mənfi təsirdən çox müsbət təsir göstərir".
Arzu Poladova
