Tramp Kanadadan gətirilən mallara 35 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb
ABŞ Prezidenti Tramp Kanadadan gətirilən mallara 35 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən Kanadadan gətirilən məhsullara, sektoral tariflərdən əlavə olaraq, 35 faiz gömrük rüsumu tətbiq ediləcəyini bildirib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşdığı Kanada ilə bağlı tarif məktubunda məlumat verib.
Tramp məktubda bildirib ki, bu sənəd, Kanadanın ABŞ-yə qarşı atdığı qarşılıqlı addımlara baxmayaraq, iki ölkənin əməkdaşlığının davam etdiriləcəyinə dair bir göstəricidir. O, Kanadaya qarşı gömrük rüsumlarının tətbiqinin fentanil böhranı ilə mübarizə məqsədi daşıdığını da xatırladıb.
Tramp qeyd edib: “Kanada, ABŞ ilə əməkdaşlıq etmək əvəzinə, buna qarşılıq olaraq misilləmə tədbirləri görüb. Avqustun 1-dən etibarən, Kanadadan ABŞ-yə idxal edilən məhsullara bütün sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq olunacaq”.
O, həmçinin vurğulayıb ki, yüksək rüsumlardan yayınmaq üçün digər ölkələr üzərindən yönləndirilən mallar daha yüksək tariflərə məruz qalacaq.
Tramp əlavə edib ki, əgər Kanada şirkətləri istehsalı ABŞ ərazisində həyata keçirsələr, o zaman onlara heç bir gömrük rüsumu tətbiq olunmayacaq və bu proses üçün təsdiq prosedurları da sürətləndiriləcək.
Tramp bəyan edib:
“Əgər siz istənilən səbəbdən gömrük rüsumlarınızı artırmaq qərarına gəlsəniz, müəyyən etdiyiniz faiz dərəcəsi bizim tətbiq etdiyimiz 35 faizlik tarifə əlavə olunacaq”.
TRT XƏBƏR
Nuray Əliyeva