Tramp: Kim Çen In ilə görüş vaxtı hələ müəyyənləşməyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen In ilə görüş vaxtı razılaşdırılmayıb. O, Cənubi Koreya Prezidenti ilə görüşdə iki ölkə arasında uzunmüddətli gərginliyin azaldılması yollarını müzakirə etdiklərini qeyd edib.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar, “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ və Şimali Koreya arasında münasibətlər hələ də inamsız və gərgin olaraq qalmaqdadır:
“Trampın Kim Çenlə görüş vaxtının hələ müəyyənləşməməsi, göstərir ki, tərəflər arasında razılaşma yoxdur. Vaşinqton Şimali Koreyanın nüvə silahlarından imtina etməsini istəyir amma Şimali Koreya təbii ki bu mövzuda fikri fərqlidir. Görüşün təxirə salınması bölgədəki vəziyyətə bir qədər təsir göstərə bilər. Bu Şimali Koreyanın yenidən raket silahları Birləşmiş Ştatlarda bölgədə hərbi mövcudluğunu artırılmasına səbəb ola bilər. Belə bir vəziyyət Koreya yarımadasında gərginliyin yenidən artmasına səbəb ola bilər. Birləşmiş Ştatlar hazırda Yaponiya və Cənubi Koreya ilə sıx əməkdaşlıq quraraq Şimali Koreyaya qarşı birgə təzyiq siyasətini həyata keçirir. Çin bu məsələdə daha ehtiyatlı davranır. Pekin istəyir ki, Koreya yarımadasında sabitlik pozulmasın. Çünki bu həm Çin sərhədləri, həm də regional iqtisadiyyat üçün risk yarada bilər. Çin həm də ABŞ-nin bölgədəki təsirini artırmaq istəmir, buna görə də Şimali Koreya ilə əlaqələri qoruyaraq hadisələrə dolayı yol ilə təsir etməyə çalışır. Ümumilikdə Tramp və Kim Çen arasında görüşün gecikməsi danışıqların taleyini bir qədər qeyri-müəyyən saxlayır. Birləşmiş Ştatlar dialoqu tam dayandırmasa da artıq daha sərt və ehtiyatlı addımlar atır. Bu da göstərir ki, yaxın gələcəkdə münasibətlərdə ciddi irəliləyiş gözləmək çətindir”.
Mələk Hüseynova