Tramp Mərkəzi Asiya liderləri ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp gələn həftə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək. Görüş noyabrın 6-da cümə axşamı keçiriləcək. İştirakçılar arasında Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri var.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında qeyd edib ki, ayrı-ayrı qlobal güclərin Mərkəzi Asiya region ilə bağlı strateji maraqları əslində yeni bir şey deyil:
“Uzun illərdir ki, Rusiya, Çin, Avropa İttifaqı və ABŞ bu regionda təsir imkanlarını artırmaq üçün müəyyən fəaliyyəti həyata keçirilər. Konkret ABŞ ilə bağlı qeyd edim ki, ABŞ hələ 2015-ci ildə “C5+1” adlanan formatla Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın əsası qoyub. Bu əməkdaşlığın əsas məqamları “Səmərqənd bəyannaməsi” adlanan sənəddə öz əksini tapıb. Burada başlıca bəndlər suverenlik, müstəqillik və ərazi bütövlüyünə sədaqətlilikdən ibarət idi. Həmin əsasda ABŞ ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan arasında ticarət, nəqliyyat, tranzit potensialı, energetika, biznes mühitinin yaxşılaşdırılması, sərmayələrin stimullaşdırılması, dayanıqlı, sabit mühitin yaradılması, energetik effekti olan texnologiyalar və s. sahələrdə əlaqələrin inkişafı etdirilməsi nəzərdə tutulub. Bu siyahıya terrorizm, silah qaçaqçılığı, narkotiklərin qanunsuz dövriyyəsi ilə birgə mübarizə də daxil edilib. Bunlardan başqa, sənəddə Mərkəzi Asiyanın nüvəsiz zona olması və humanitar əməkdaşlıq məsələsi də öz əksini tapıb. Humanitar sferada əsas olaraq mədəniyyət, təhsil, elm və biznes istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək nəzərdə tutulub.Ondan sonrakı dövrdə də bu formatda dəfələrlə tədbirlərin keçirildiyi haqqında məlumatlar var”.
Politoloqun sözlərinə görə, indi isə Trampın hakimiyyətə qayıdışı ilə ABŞ Orta Asiyada təsir imkanlarını daha da gücləndirməyə çalışır:
“Bu regionun uzun illərdir Rusiya və Çinin geosiyasi maraqlarının toqquşduğu məkan hesab olunduğunu, təbii ehtiyatları və coğrafi mövqeyini nəzərə aldıqda ABŞ-nin regionda möhkəmlənmək istəmə səbəblərini daha aydın şəkildə başa düşmək mümkün olur. Odur ki, indi Vaşinqtonda keçiriləcək bu sammitin həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyəti var. Tramp administrasiyası region ölkələri ilə münasibətləri yenidən canlandırmaqla, ABŞ-nin təhlükəsizlik və diplomatik mövqeyini möhkəmləndirmək niyyətindədir.
ABŞ Orta Asiya ölkələri ilə enerji resursları, nəqliyyat-logistika dəhlizləri və aerokosmik sənaye kimi sahələrdə əməkdaşlığı artırmaq istəyir. "Boeing" kimi böyük Amerika şirkətlərinin bu regionda müqavilələr bağlaması, ABŞ-nin Orta Asiyaya investisiya və texnologiya ixracı strategiyasının bir hissəsidir. Qazaxıstan və Türkmənistan kimi ölkələrdə enerji sektorunun inkişafı, ABŞ üçün həm də alternativ enerji mənbələrinin təminatı baxımından əhəmiyyət kəsb edir. Trampın Mərkəzi Asiya liderləri ilə planlaşdırılan görüşü Vaşinqtona Orta Asiya ilə yeni siyasi-iqtisadi əlaqələr qurmağa imkan verəcək. Bu isə həm region ölkələri üçün, həm də ABŞ üçün qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın başlanğıcı ola bilər”.
Mələk Hüseynova