Tramp NATO-nun baş katibi ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Ukraynaya NATO vasitəsilə silah tədarük etməyə hazırdır və bazar ertəsi “önəmli bir bəyanat” verəcək.
NATO-nun baş katibi Mark Rutte bu həftə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Görüş, Trampın NATO müttəfiqlərinə yüksək texnologiyalı silahların satılacağı və daha sonra bu silahların Ukraynaya veriləcəyi planını açıqlamasından sonra baş tutacaq.
Rutte bazar ertəsi və çərşənbə axşamı Vaşinqtonda olacaq və Tramp, ABŞ dövlət katibi Marko Rubio, ABŞ müdafiə naziri Pit Hegset və Konqres üzvləri ilə danışıqlar aparacaq.
“Sabah gələcək baş katiblə görüşüm olacaq,” – deyə Tramp bazar günü axşam Vaşinqtonda jurnalistlərə bildirib. “Əsasən, onlara çox mürəkkəb silah nümunələri göndərəcəyik və onlar bunun üçün bizə 100% ödəniş edəcəklər.”
Rutte-nin səfəri ötən həftə Trampın bazar ertəsi Rusiya ilə bağlı “önəmli bir bəyanat” verəcəyini bildirməsindən sonra baş tutur. Bu vaxt Ukrayna Rusiya ordusunun genişmiqyaslı hava hücumlarına qarşı müqavimət göstərməyə çalışır.
Bazar günü Tramp həmin bəyanatın detalları barədə danışmaqdan imtina edib və deyib: “Sabah görək nə olacaq.”
Euronews
Fatimə Heydərova