Tramp, Netanyahunun “Qəzzanı tamamilə işğal etmə planı” sualını ötürüb
ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağını tamamilə işğal etmə planı barədə nə düşündüyünə dair suala cavab verməyib.
Ağ Evdə keçirilən və Apple şirkətinin yeni investisiya planının təqdim olunduğu tədbirdə Tramp Qəzza ilə bağlı gündəmi dəyərləndirib.
Ona ünvanlanan “Yaxın Şərqdəki müharibələri bitirmək istədiyinizi demişdiniz. Netanyahunun Qəzzanı tamamilə işğal planı bu məqsədə zidd deyilmi? Bu planı dəstəkləyirsinizmi?” sualına cavab verərkən Tramp Qəzza əvəzinə İran haqqında danışıb.
Prezident bildirib: “İranın nüvə silahına sahib olmasının qarşısını almaqla əslində Yaxın Şərqdəki müharibələri dayandırdıq. Onlar da bunu qəbul edir. Əgər yenidən başlasalar, biz geri dönərik. Amma Yaxın Şərqdə bir çox müharibəni dayandırmışıq”.
TRT HABER
Solmaz Muradova