Tramp: “Putin razılaşmaya hazırdır”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin razılaşma əldə etməyə hazırdır. Bu barədə o, “Fox News Radio”nun “The Brian Kilmeade Show” proqramında deyib:
"Həqiqətən də, inanıram ki, o indi razılaşma əldə edəcəyinə əmindir. Məncə, bu baş verəcək və biz tezliklə biləcəyik".
Tramp cümə günü Alyaskada Putinlə görüşəcək. O, hələlik dərhal atəşkəs əldə olunub-olunmayacağının bəlli olmadığını, lakin sülh sazişinin vasitəçisi olmaq istədiyini bildirib.
Günün əvvəlində Putin Vaşinqtonun Ukrayna müharibəsini bitirmək üçün “səmimi səylər” göstərdiyini qeyd edib və geniş sülh təşəbbüslərinin bir hissəsi olaraq ABŞ və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılması barədə razılaşma təklif edib.
Tramp, həmçinin, Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçiriləcək mümkün ikinci görüş üçün üç fərqli məkanın nəzərdə tutulduğunu, lakin bunun hələ dəqiqləşmədiyini deyib:
"Görüşdə baş verənlərdən asılı olaraq, Prezident Zelenskiyə zəng edəcəyəm və onu görüş yerinə dəvət edəcəyik".
ANEWZ
Güllər Gülhüseynova