Tramp Putinlə yenidən danışacağını bildirib
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə bu həftə və ya gələn həftənin əvvəlində telefon danışığı aparacağını gözləyir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a bildirib ki, Rusiya–Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissəsidir:
"Amerikada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu strategiya qorunmalıdır. ABŞ-nin strategiyasına görə Rusiya, Çin Amerikanın düşmənidir. Bu baxımdan Rusiya–Ukrayna münaqişəsi yaratmaqla Rusiyanı iqtisadi və hərbi cəhətdən zəiflətmək, Rusiyanı dünya siyasi xəritəsindən silmək onun strategiyasıdır. Sadəcə taktiki gedişlərdə fərqli addımlar atılmaqdadır. Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar verdiyi bəyanatlar Rusiya–Ukrayna münaqişəsində yeni bir siyasi situasiya yaradır. Tramp sülh missiyasını öz üzərinə götürür. Tramp müsahibələrində də açıq şəkildə qeyd edir ki, bu münaqişəni Bayden yaradıb. ABŞ-nin məqsədi Ukrayna münaqişəsini Avropa ilə Rusiya arasında uzunmüddətli bir münaqişəyə çevirməkdir. Çünki ABŞ üçün üç təhlükə mənbəyi var: hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə Çin, maliyyə gücünə görə Avropa. Tramp Rusiya Prezidenti ilə münasibət yaratmaqla digər sektorlarda fəaliyyətini genişləndirmək istəyir. Dünya siyasi arenasında ABŞ və Rusiyanın maraqları müxtəlif sahələrdə toqquşub. Hesab edirəm ki, Tramp Putinlə Ukrayna münaqişəsini müzakirə edəcək. Əgər ABŞ bu münaqişədən kənarda durarsa, Cənubi Qafqazda öz fəallığını gücləndirəcək. Hesab edirəm ki, bu Rusiya Prezidenti ilə bir sövdələşmə olar. Çünki ABŞ dünyanın iqtisadi sistemini nəzarətdə saxlamaq istəyir. Cənubi Qafqaz dünyanın "Orta dəhliz" layihəsində əsas faktorlardan biridir. Çünki Zəngəzur dəhlizi ABŞ-nin nəzarətinə keçərsə, Amerika dünyanın iqtisadi-siyasi sisteminə təsir etmək imkanları əldə edəcək".
Politoloq həmçinin əlavə edib ki, Çinin qalxan nüfuzu, həm iqtisadi, həm siyasi, həm də hərbi qüdrəti ABŞ-ni narahat edir:
"Bu baxımdan ABŞ çalışır ki, Çini iqtisadi və siyasi cəhətdən zəiflətsin. Ona görə də Avropa ilə Çin arasında nəqliyyat infrastrukturunu nəzarətə götürməklə, bu və ya digər formada, həm Avropaya, həm də Çinə diktə etmək imkanlarına malik olacaq. Hesab edirəm ki, Putinlə Trampın növbəti görüşündə Cənubi Qafqaz da müzakirə predmetindən biri olacaq. ABŞ-nin strategiyasının məqsədi dünyada birqütblü sistem yaratmaq və bu sistemə nəzarət etməkdir. Hadisələrin gedişi isə göstərir ki, dünya çoxqütblü sistemə keçəcək. Bu proseslərdə Rusiya, Çin, Hindistan öz mövqeyini nümayiş etdirməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatında aparılan danışıqlar da onu göstərir ki, bu təşkilat siyasi təşkilata çevrilərsə, növbəti mərhələdə bu təşkilat hərbi bloka çevrilə bilər. Bu da ABŞ üçün böyük təhlükə mənbəyi ola bilər. Ona görə də Trampla Putin arasında görüşdə yalnız Rusiya–Ukrayna məsələsi deyil, qlobal sahədə geosiyasi məsələlər geniş müzakirə olunacaq. Artıq ABŞ də Rusiyanın mövqeyi ilə hesablaşmaqdadır. Çünki Rusiya–Ukrayna münaqişəsi bir daha onu göstərdi ki, Rusiya hərbi gücə malikdir və bu savaşda üstünlük həm hərbi, həm siyasi, həm də iqtisadi müstəvidə onun tərəfindədir. Buna baxmayaraq Rusiya–Ukrayna münaqişəsində bir koalisiya var və otuzdan artıq dövlət bura daxildir. Trampın tez-tez Putinlə danışıqlar aparması onun seçkilər qarşısında Ukrayna münaqişəsini qısa müddət ərzində həll edəcəyi ilə bağlı verdiyi sözlə əlaqəlidir".
Fatimə Heydərova