00:00:00
Yazar
Səmayə Səftərova
16.10.2026 21:44 23 2 dəq oxuma
Siyasət

Tramp Senata namizəd Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib

Tramp Senata namizəd Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatından Senata namizəd olan demokrat Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib.


Tramp bu barədə Ağ Evdə Respublikaçılar Partiyasının tərəfdarları ilə keçirilən seçkiqabağı tədbirdə danışıb. “O, yüz faiz ‘Müsəlman Qardaşlar’ın adamıdır”, – ABŞ Prezidenti iddia edib. Tramp Əl-Səyyidin Senatın Kəşfiyyat Komitəsinə üzv seçilməsi ehtimalını da istehza ilə şərh edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu vəziyyətin ABŞ-də daxili siyasi proseslərə mənfi təsir göstərməsi mümkündür:

 

"ABŞ-də, xüsusilə, Donald Trampın ikinci prezidentlik dövrünün başlanğıcından etibarən siyasi qüvvələr arasında normal polemika mühiti qarşıdurma və düşmənçiliklə əvəzlənməyə başlayıb. Trampın həm digər siyasi partiyaların nümayəndələrinə, həm də onu tənqid edən müstəqil media orqanlarına qarşı dözümsüz münasibəti diqqət çəkir. Onun siyasətini dəstəkləməyən media qurumlarının dövlət maliyyələşməsinin dayandırılması, jurnalistlərin bəzi tədbirlərdə akkreditasiyalarının ləğv edilməsi və Demokrat Partiyasına yaxın jurnalistlərin dövlət tədbirlərinə buraxılmaması ölkədə siyasi etimadsızlığın dərinləşdiyini göstərir. Bu vəziyyətin ABŞ-də daxili siyasi proseslərə mənfi təsir göstərməsi mümkündür".


Ekspert bildirir ki, Trampın siyasi rəqiblərinə münasibəti də bu gərginliyin göstəricilərindəndir:


" O, əvvəl Nyu-York meri seçilən müsəlman siyasətçi Zöhran Məmdaninin seçilməsinə imkan verməyəcəyini bildirsə də, Məmdani seçicilərin dəstəyini qazanaraq mer olub. Hazırda Senata namizəd Əbdül Əl-Səyyidin “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edilməsi də siyasi müzakirələrə səbəb ola bilər. Bu əlaqələri təsdiqləyən tutarlı sübutlar təqdim olunarsa, ABŞ ictimaiyyətinin məsələyə ciddi reaksiya verməsi mümkündür. Çünki Amerika cəmiyyətində təşkilat haqqında mənfi təsəvvürlər mövcuddur. “Müsəlman Qardaşlar” ərəb inqilabları dövründə Misirdə hakimiyyətə gəlib və Məhəmməd Mürsi prezident seçilib. Lakin o qısa müddət sonra kütləvi etirazlar fonunda hakimiyyətdən uzaqlaşdırılıb. Sonrakı dövrdə təşkilata qarşı sərt tədbirlər görülüb. ABŞ cəmiyyətində bu təşkilatın fəaliyyəti ilə bağlı formalaşan mənfi rəy namizədin siyasi mövqeyinə də təsir göstərə bilər. Əgər Tramp Əbdül Əl-Səyyidin təşkilatla əlaqələrini sübut edə bilməsə, ittihamları əks nəticə doğura və seçicilərin namizədə daha çox dəstək verməsinə səbəb ola bilər. Buna görə də seçkilərin nəticələrinə mümkün təsir irəli sürülən iddiaların nə dərəcədə əsaslandırılacağından asılı olacaq".


Səmayə Səftərova

#Donald Tramp #“Müsəlman Qardaşlar” təşkilatı #Əbdül Əl-Səyyidi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər