Tramp və Putinin görüşü təxirə salına bilər
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Vladimir Putin və Donald Trampın görüşü baş tutacaq, lakin bir qədər gec keçirilə bilər. O, CNN-ə açıqlamasında qeyd edib ki, görüş diplomatik baxımdan yaxşı hazırlanmalıdır.
Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya və ABŞ arasındakı münasibətlər nə Sovet dövründə, nə də Sovet İttifaqı dağıldıqdan sonra sabit inkişaf xətti üzrə irəliləməyib:
“ABŞ iqtisadi və siyasi baxımdan güclü dövlətdir və zaman-zaman dünyanı yenidən dizayn etməyə çalışıb. Rusiyanın da öz maraqları var və o da böyük imperiya ənənələrinə malik dövlətdir. ABŞ uzun illərdir Rusiyanın təsir dairəsində olan Ermənistan və Gürcüstanda siyasi nüfuzunu qorumağa çalışır. Ukrayna-Rusiya müharibəsində razılıq əldə edilmədən, ABŞ-Rusiya münasibətləri, istər Tramp, istərsə də Bayden dövründə daha da pisləşib.Tramp daha çox müharibənin bitməsi və sülhün bərqərar olması tərəfdarı kimi görünür. Lakin ABŞ-da dövlət başçısından asılı olmayaraq dəyişməyən bir siyasət mövcuddur. Əlbəttə, Tramp münasibətlərin daha da gərginləşməsini istəməyə bilər. Məsələn, İsrail-Fələstin münasibətlərində yenilik gözlənilirdi, lakin bu, baş vermədi.Ukrayna məsələsində həm ABŞ, həm Rusiya, həm də Avropanın öz maraqları var, lakin ən çox itirən Ukrayna və onun xalqıdır. Hər iki tərəf indi mövqelərini gücləndirib danışıqlar masasına əyləşməyə hazırlaşır”.
Mələk Hüseynova