Tramp Yaponiya ilə razılaşıb: Çinə qarşı mübarizə…
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Fuad Abbasov bildirib ki, İkinci Dünya müharibəsinin nəticələrindən yola çıxaraq çıxış etsək, başa düşərik ki, Yaponiya ABŞ-nin bir sateliti olaraq qalmaqdadır və Çində Sovet İttifaqının bir mirası olaraq Kommunist Partiyasının hökm sürdüyü bir dövlət kimi hər zaman ABŞ ilə qarşı-qarşıya gəlibdir:
“Belə olduğu təqdirdə Amerikanın özünə mövqe axtardığı yeni dünya düzənində Çinə qarşı Yaponiyanı hərəkətə keçirməsi heç də təəccüblü deyil. Əlbəttə ki, bu üçbucaq – Çin, Yaponiya və ABŞ üçbucağı – maraqlı üçbucaqdır, çünki biz bilirik ki, İkinci Dünya müharibəsində Yaponiya Çin də daxil olmaqla bir çox Uzaq Şərq ölkəsini işğal etmişdi. Baxmayaraq ki, Hitler müharibədə uduzmuşdu, Yaponiya, başda imperator olmaqla, müharibəni uduzmaq fikrində deyildi. Naqasaki və Hirosimaya atılan atom bombası nəticəsində Amerika Yaponiyanın müharibəyə son verməsinə nail olub. Belə olduğu təqdirdə, əlbəttə ki, Yaponiyanın Amerikanın nəzarəti altında idarə edilməsinin sona çatdığını düşünmək sadəlövhlük olar. Yaponiya indiyədək Amerikanın təsiri altındadır. Hətta gələcəkdə Amerikanın təsiri altında Yaponiyanın silahlanması və yenidən Uzaq Şərqdə güc sahibi, söz sahibi olmağı; orada Çinə qarşı həm texnoloji, həm hərbi, həm də iqtisadi cəhətdən yeni qüvvə kimi Yaponiyanın, eləcə də Yaponiya kimi Cənubi Koreyanın da güclənməsini müşahidə edə bilərik.
Bütün bunlar hamısı Amerikanın mövqeyindən, prezident Trampın mövqeyindən asılıdır. Bu mövqe çox da fantastik bir mövqe deyil. Yaxın gələcəkdə, əgər Çin Amerikanın müvafiq şərtlərini qəbul etməyəcəksə, Amerika Çinə qarşı istər Yaponiyadan, istər Cənubi Koreyadan istifadə edərək bir çox cəhətdən mübarizə aparmağa hazır olacaq. Bu mübarizədə, əlbəttə ki, Rusiya cavabsız qalmayacaq. Rusiya uzun müddət həm Vyetnamla tərəfdaş olaraq Amerika ilə vuruşub, həm Şimali Koreya ilə tərəfdaş olaraq Cənubi Koreya ilə vuruşub. Nəticə etibarilə Rusiyanın Amerikaya qarşı bu mövqeyini yaxın gələcəkdə izləyəcəyik”.
Səadət Əlizadə