Trampa bu hücumlar barədə məlumat verdim
Ukrayna Prezidenti Vladimir Zelenski və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı başa çatıb.
Bu barədə V.Zelenski sosial media hesabında paylaşım edib.
Zelenski bildirib ki, Trampa Rusiyanın Ukraynanın enerji sisteminə hücumları barədə məlumat verib və ABŞ-nin dəstəyinə görə təşəkkür edib. O, həmçinin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və bu istiqamətdə konkret razılaşmaların müzakirə olunduğunu qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın atdığı bütün addımlar nə Rusiyanın, nə də Ukraynanın maraqlarına xidmət edir:
“O, bir mənalı olaraq öz dövlətini — ABŞ-ni düşünür və onun maraqlarını müdafiə etmək üçün doğru bildiyi, uyğun bildiyi addımları atır.
Son günlərdə Zelenski də daha səmimi və Ukraynaya dəstək məsələsində daha pozitiv görünür. Bunun səbəbi isə Rusiyanın davranışlarıdır. Tramp faktiki olaraq demişdi ki, ABŞ-nin maraqları bu məsələlərdədir və Rusiyanın da bizim maraqlarımıza hörmət etməsini istəyirik. Bu çərçivədə ABŞ Rusiyanın maraqları qorunmaq şərtilə münaqişənin bitməsinə yardım edə bilərdi.
Lakin Rusiya daha çoxunu istəyib, daha imperialist davranış göstərib və Trampın şərtləri ilə razılaşmayıb — maksimalist siyasətə davam edib. Bu, Trampı narahat edib və onun məqsədlərinə çatmaq, Rusiyaya qarşı təzyiq kampaniyası apara bilmək üçün Ukraynaya dəstəyi öz əsas gündəliyinə daxil etməsinə səbəb olub.
Əgər sabah Rusiya hakimiyyəti çıxıb desə ki, biz ABŞ-nin şərtlərinə tam yox, müəyyən mənada razıyıq və istəyirik ki, münaqişə sülhlə başa çatsın, o zaman Tramp yenidən Ukraynaya verdiyi dəstəyi azalda və əvvəlki mövqeyinə qayıda bilər”.
Siyasi şərhçi bu danışığın Tramp administrasiyasının Rusiya ilə münasibətlərinə təsiri ilə bağlı qeyd edib ki, hazırkı vəziyyətdə pis təsir göstərəcək kimi görünür, amma sonrakı mərhələdə döyüş meydanındakı vəziyyət çox şeyi dəyişə bilər:
“Əgər Ukrayna ordusu ABŞ-nin verəcəyi dəstək sayəsində Rusiya ordusunu geri çəkilməyə məcbur edə və ya onu çətin vəziyyətə sala bilsə, Moskva Trampla yenidən diplomatik kanallar vasitəsilə əlaqəyə keçəcək və onların şərtlərini yenidən dinləməyə başlayacaq. Bu zaman Ukrayna məsələsində müsbət dəyişikliklərdən danışmaq mümkün olacaq. Əks halda, yəni Ukrayna ordusu mövqeyini möhkəmləndirə bilməzsə və döyüş meydanında vəziyyət dəyişməzsə, Rusiyanın üstünlüyü qorunarsa, onlar Trampın Ukraynaya verdiyi dəstəyə lağ etməyə davam edəcək və maksimalist mövqelərindən çıxış edəcəklər. Bu isə gələcəkdə Trampın Rusiyaya qarşı daha radikal addımlar atmasına gətirib çıxara bilər. Yəni cavab döyüş meydanındakı irəliləyişdən asılıdır”.
ABŞ-nin Ukraynaya verdiyi hərbi dəstək sülh danışıqlarında siyasi balansı dəyişə bilərmi?
H.Səhrablı qeyd olunan sualla bağlı bildirib ki, bu da hadisələrin gedişindən asılıdır:
“Siyasi balans onsuz da beynəlxalq ictimaiyyətin mövqeyi sayəsində əsasən Ukraynanın xeyrinə olub. Çünki hətta Rusiyanı müəyyən dərəcədə dəstəkləyən dövlətlər belə Rusiya əməliyyatlarını əsasən işğal kimi qiymətləndirirlər — bunu dillə ifadə etməsələr də diplomatik müstəvidə Rusiyanı tam müdafiə etmirlər.
Ukrayna meydanda üstünlük qazana bilmədiyi üçün sülh danışıqlarında Rusiyanın daha əlverişli mövqe tutmasına imkan yaranıb. Lakin dünya Ukraynaya siyasi dəstəyini davam etdirir. Əgər ABŞ və tərəfdaşları vasitəsilə Ukraynaya daha yaxşı, daha öldürücü silahlar verilsə və bunun nəticəsində Ukrayna meydanda üstünlük əldə edə bilsə, bu, danışıqlarda siyasi balansı tamamilə Ukraynanın xeyrinə dəyişə bilər”.
Ləman Mahmudlu
