Trampdan HƏMAS-a xəbərdarlıq: “Hakimiyyəti ötürməsə, məhv ediləcək”
ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, HƏMAS Qəzzada hakimiyyəti ötürməsə, məhv ediləcək. O, Qəzzada xarici idarəetmə və beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib. İsrail planı dəstəkləyib, HƏMAS isə bəzi şərtlərlə razılaşmayıb.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı son bəyanatı Yaxın Şərqdə yeni diplomatik və hərbi balansın formalaşdığını göstərir:
“Tramp açıq şəkildə bildirib ki, HƏMAS hakimiyyəti könüllü şəkildə təhvil verməsə, məhv ediləcək. Onun təklif etdiyi plan Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini və ərazinin xarici idarəetmə mexanizminə keçməsini nəzərdə tutur. Bu, ABŞ-nin bölgədə təhlükəsizliyi təmin etmək üçün daha sərt və sistemli bir yanaşmaya keçdiyini göstərir. Trampın planı nəzəri baxımdan sülh perspektivinə yol aça bilər, lakin praktik tətbiqi olduqca mürəkkəb görünür. Qəzzada hakimiyyətin dəyişməsi təkcə HƏMAS-ın silahlı müqavimətini deyil, həm də bölgədə dərin sosial və ideoloji gərginliyi yenidən alovlandıra bilər. HƏMAS-ın silahı yerə qoymaq və nəzarəti beynəlxalq qüvvələrə təhvil vermək ehtimalı azdır, çünki bu, təşkilat üçün siyasi iflas anlamına gəlir”.
Politoloqun sözlərinə görə, ABŞ-nin bu sərt mövqeyi ərəb dünyasında fərqli reaksiyalar doğura bilər:
“Misir, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr sülhə tərəfdar olsa da, Vaşinqtonun hərbi təzyiq tonundan narahatdırlar. Tramp administrasiyası Yaxın Şərqdə sülhü yalnız güc və nəzarət balansı üzərində qurmağa çalışır. Lakin bu strategiyanın uğuru həm HƏMAS-ın reaksiyasından, həm də region ölkələrinin diplomatik dəstəyindən asılı olacaq. Ümumilikdə, Trampın bəyanatı Yaxın Şərqdə “post-HƏMAS” dövrünün konturlarını müəyyənləşdirməyə yönəlib. Əgər bu plan reallaşarsa, Qəzza zolağında yeni idarəetmə modelinin və beynəlxalq nəzarət sisteminin formalaşması mümkündür. Amma hazırkı siyasi reallıqlar fonunda bu planın sülhə deyil, qısamüddətli qarşıdurma riskinə daha yüksək mövqedədir”.
Mələk Hüseynova