Trampdan Merilend ştatı ilə bağlı təklif
ABŞ Prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ves Mura cinayətlə mübarizə üçün ştata qoşun göndərməyi təklif edib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-də cinayətkarlıqla mübarizə əsas prioritet məsələlərdən biri hesab olunur:
"Donald Trampın hakimiyyətə gələrkən verdiyi vədlərdən biri məhz cinayətkarlığa qarşı sərt mübarizə aparacağı ilə bağlı olub. Bu baxımdan Trampın artıq təcrübəsi var. O müxtəlif şəhərlərdə baş verən cinayətkarlıqlara qarşı mübarizədə qoşunlardan istifadə edib. Növbəti belə ştatlardan biri Merilend ştatıdır. Hesab etmirəm ki, qoşunların ora göndərilməsi və cinayətkarlığa qarşı mübarizə ABŞ-nin demokratik sisteminə və imicinə kölgə salacaq. Çünki cinayətkarlıqla mübarizənin demokratik idarəetməyə hər hansı aidiyyatı yoxdur, əksinə demokratik idarərtmə məhz cinayətkarlıqla effektiv şəkildə mübarizəni şərt kimi göstərir. Cinayətkarlığın az olması ölkənin təhkükəsizliyi və cəmiyyətin əmin-amanlığı baxımından vacib şərtdir. ABŞ-nin köklü institutları var və məhz bu institutlar vasitəsilə elə bir mexanizm qurulub ki, orada hansısa şəxsin tək başına avtoritarizmə meyillənməsi mümkün hesab edilmir. Düşünürəm ki, bu addımlar ABŞ-nin demokratik idarəetməsinə xələl gətirməyəcək. Bu sadəcə olaraq ABŞ-də asayişin qorunması və cinayətkarlıq səviyyəsinin aşağı salınması ilə bağlı mübarizədir".
Fatimə Heydərova