Trampdan Ukrayna ilə bağlı etiraf
ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukrayna böhranının həlli Fələstin-İsrail münaqişəsinin həllindən daha çətindir.
"Rusiya və Ukrayna ilə bağlı nəsə baş verir”,- Tramp bildirib.
Ağ Ev rəhbəri Ukrayna münaqişəsinin həllinin olduqca çətin olduğunu etiraf edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, vəziyyət daha da ağırlaşıb:
“Ukrayna-Rusiya münaqişəsinin dərinləşməsi vəziyyəti daha da çıxılmaz duruma gətirib çıxarır. Buna baxmayaraq düşünmürəm ki, Ukrayna-Rusiya münaqişəsi Fələstin məsələsindən qəliz olsun. Qəzza ilə bağlı sülh razılaşmasının əldə olunmasını problemin həlli kimi qiymətləndirmək sadəlövhlük olardı. Problem yalnız Fələstin dövləti yarandıqdan sonra həll oluna bilər. Ukrayna məsələsində isə vəziyyətin çətinləşməsi güc balansının pozulmasıdır. Rusiya nüvə dövlətidir və ərazisi də Ukraynadan dəfələrlə böyükdür. Eyni zamanda Rusiyanın Çin və Şimali Koreya kimi müttəfiqləri Ukraynanın müttəfiqlərindən fərqli olaraq ciddi dəstək verir, hərbi qüvvə göndərir və beynəlxalq aləmdə də aqressoru müdafiə edirlər. Lakin Qərb Ukraynaya ciddi və əhəmiyyətli dəstək vermir. Habelə ABŞ-nin tərəddüdləri, indiyəcən kifayət qədər lazımi dəstək verməməsi vəziyyəti ağırlaşdırıb və Ukraynanı məğlub tərəfə çevirib. ABŞ-nin İraqı, Əfqanıstanı, Liviyanı viran qoyması ilə, təbii ki, Rusiya eyni deyil. Savaşı qazanmağa da gücü yetmir, dayandırmağa da. Amma qlobal güc olaraq özünü təqdim edir. Bu müharibənin dayanması üçün əvvəlcə Ukraynaya elə həddə hərbi dəstək verməməlidir ki, hərbi üstünlüyü tam ələ götürsün. Bunun üçün Avropa İttifaqı və ABŞ-nin müasir silahları vacibdir. Digər tərəfdən də sanksiyalar vasitəsi ilə bu təzyiq mümkündür. Əslində İsrailin məqsədi Qəzza əhalisini tam məhv etmək idi. Sadəcə Ukrayna məsələsinin kontroldan çıxmaq həddinə qədər ağırlaşması ABŞ-ni məcbur edib ki, Fələstin cəbhəsində müvəqqəti silahlar sussun və əsas diqqəti Ukraynaya yönəltsinlər. ABŞ-nin və Avropanın Ukraynanı ağır vəziyyətə salması Gürcüstan nümunəsini ortaya qoya bilər. ABŞ-nin Rusiya ilə baş-başa münaqişədən qaçması, Avropa İttifaqı ölkələrinin də təsirsiz müdaxilələri Rusiyanın xeyrinə balansı dəyişib. ABŞ vəziyyətə ciddi şəkildə müdaxilə etməsə, yaxud Avropa İttifaqı koalisiya yaratmasa, NATO işə qarışmasa, Rusiya Ukrayna torpaqlarını tamamilə işğal edəcək. Artıq danışıqlar, sülh ümidləri suya düşüb. İtirilmiş torpaqlar qaytarılmadan Ukraynanın da sülhə razılaşması mürəkkəb məsələdir”.
Lalə Qurbanlı
