Trampdan yanvar xəbərdarlığı: İrana qarşı hərbi kampaniya dayanır?
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı apardığı hərbi kampaniyanın 2027-ci ilin yanvar ayının sonunadək maliyyələşdirildiyini bəyan edib. Ağ Ev rəhbəri Konqresdəki mümkün siyasi dəyişikliklərin bu prosesə təsiri və əməliyyatların əsas hədəfi ilə bağlı mühüm detalları açıqlayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Amerikanın İrana qarşı hərbi kampaniyası dövlət büdcəsindən, onun müdafiə xərclərindən maliyyələşir:
“Bu maliyyə təminatının yanvarın sonuna qədər davam edəcəyini biz tərəfdən iddia etmək çətindir çünki, Amerikada da başqa ölkələrdə olduğu kimi hərbi xərclər hər bir təqvim ili üçün tutulur. Əgər təqvim ili üçün tutulursa, bu büdcənin yanvar ayının axırına qədər, yəni hərbi əməliyyatların yanvarın sonuna qədər maliyyələşdiriləcəyi ilə bağlı Tramp vasitəsilə deyilmiş fikir maraqlı səslənir.Bunun həqiqətdə belə olub-olmadığını söyləmək bizim üçün çətindir. Ola bilər ki, Tramp yanvar ayı ərzində İrana qarşı başladacağı yeni kampaniyanın maliyyə tərəflərinin həll olunduğunu dünyaya və ictimaiyyətə çatdırmaq istəyir. Əgər bu maliyyələşmə yanvarın əvvəlində bitərsə, Trampın yeni maliyyə tranşı açmağı o qədər də asan olmayacaq, çünki yanvar ayında Amerikanın yeni parlamenti fəaliyyətə başlayanda əksəriyyət demokratlardan ibarət olduğuna görə İran kampaniyasına lazımı qədər maliyyə ayırmaq Tramp üçün olduqca mürəkkəb məsələyə çevrilə bilər".
Siyasi şərhçi qeyd edir ki, Tramp ictimaiyyəti, İranı hədələmək məqsədilə müharibənin maliyyəsinin yanvar ayının sonuna qədər ayrıldığını belə açıq söyləyir:
“Amma dəqiq demək olmaz ki, müharibənin maliyyəsi yanvar ayının sonlarına qədər ayrılıb. Aydın məsələdir ki, hərbi əməliyyatlar yanvar ayında da davam etdirilərsə, bunun üçün yeni maliyyənin ayrılması Trampa çox çətin olacaq, çünki konqresdə əksəriyyət demokratların əlindədir. Trampın İrana qarşı rəsmi müharibə elan etmədən hərbi kampaniyaya başlaması faktı artıq bir dəfə baş verib. İkinci dəfə, həm də demokratların üstünlük təşkil elədiyi konqresdən icazəsiz İrana qarşı kampaniya başlatmaq da özünəməxsus çətinliklər törədəcək. Yanvar ayında hərbi əməliyyatların dayandırılması, bütün bölgədə vəziyyətin stabilləşməsinə böyük təsir edə bilər. Trampın qəti bir qərar verməsi üçün yanvar ayını bir vaxt kimi müəyyənləşdirdiyi bəllidir. Özü deyib ki, yanvar ayına qədər İrana vaxt verib və yanvarda hərbi əməliyyatları bərpa edib-etməyəcəyimiz İranın davranışlarından asılı olacaq.Bütün bu proseslər region dövlətlərinin, həm də Azərbaycanın da diqqət mərkəzindədir. Bizə birbaşa təsirlər olmasa da, İran-Amerika münasibətlərinin həm müharibə müstəvisinə keçməsi, həm də sülh prosesinin içinə girməsinin Azərbaycana bu və digər dərəcədə aidiyyatı var. Biz Yaxın və Orta Şərqə ən yaxın ölkələrdən biriyik. Aydındır ki, həm müharibə, həm də sülh prosesləri bizə birbaşa olmasa da, dolayı təsirlərsiz ötüşə bilməyəcək. Amma müharibənin taleyi ilə bağlı son qərar Trampa və İrana məxsusdur".
Xədicə İsmayılova