Trampdan Zelenski ilə görüşdən əvvəl bəyanat
Tramp qeyd edib ki, avqustun 18-i Ağ Ev üçün böyük gün olacaq.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, adətən Trampın verdiyi açıqlamalarda işlətdiyi ifadələr bir çox hallarda pafoslu olur:
"Onun Vaşinqtonda "Böyük gün olacaq" deyə səsləndirdiyi ifadə də həmin pafosun tərkib hissəsi kimi dəyərləndirilə bilər. Əgər Tramp hesab edirsə ki, bu gün Ukraynanı sülhə məcbur edərək, onu ərazi bütövlüyünün imtinasına razı sala biləcək, bu "qara gün" kimi tarixə düşə bilər. Tramp hazırda Rusiyanın narrotivləri üzərindən hərəkət edir və görünən odur ki, Alyaskada bir çox məsələlərdə, o cümlədən sülhün əvəzinə Ukraynanın ərazi bütövlüyünün pozulması ilə bağlı müəyyən razılaşmalar var ki, bu olduqca təhlükəli bir tendensiyadır. Belə bir tendensiya bizə 1938-ci il Münhen konfransını xatırladır. O zaman da Böyük Britaniya və Fransa Hitlerin işğalçılıq siyasətini durdurmaq və işğalçını sakitləşdirmək üçün o zamanki Çexslovakiyanın Sudet ərazisinin Almaniyaya verilməsinə razı olublar. Bu anlaşma Avropaya sülhü yox, əksinə böyük bir savaşı gətirdi. Əlbəttə ki, ABŞ hazırda dünyanın super gücüdür və dünyada baş verən proseslərə ən ciddi şəkildə təsir edən ölkədir. O cümlədən, onun Prezidenti də beynəlxalq siyasətdə ciddi şəkildə aktivlik göstərir. Bu ABŞ-nin böyük bir qlobal güc olmasının göstəricisi kimi dəyərləndirilə bilər. Eyni zamanda Avropa ölkələri liderlərinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı ciddi qayğıları var. Onlar hesab edir ki, savaş Putinin istədiyi formada Ukraynanın ərazi bütövlüyünün pozulması ilə başa çatacaqsa, bu Avropa üçün olduqca ciddi təhlükələr gətirəcək. Bu günki görüşdə real nəticələrin olub-olmayacağını indidən söyləmək çox çətindir. Çünki Zelenskinin qarşısında olduqca ağır bir vəzifə var. Donald Tramp ondan açıq şəkildə tələb edir ki, ərazilərdən imtina etməklə, Rusiya ilə sülhə getsin. Zelenki isə bunu istəmir. Eyni zamanda, çalışır ki, bu dəfəki görüş fevral ayında olduğu kimi gərginliklə yadda qalmasın. Ona görə hesab edirəm ki, həm Avropa ölkələri liderləri, həm də Zelenski Donald Trampı inandırmalıdır ki, Ukraynanın müqavimət gücü var və əgər o, effektiv şəkildə dəstəklənəcəksə, o zaman Putinin işğal maşını dayandırıla bilər və Rusiya Ukraynada öz niyyətlərini həyata keçirməyə bilər. Son 3 il yarım ərzində Rusiyanın işğal etdiyi ərazi sahəsi, Ukraynanın ümumi ərazisinin təxminən bir faizi deməkdir. Bu onu göstərir ki, Ukraynanın müqavimət imkanları var. Sadəcə olaraq ora effektiv dəstək vermək lazımdır".
Fatimə Heydərova