Trampın Britaniyaya tarixi ikinci dövlət səfəri
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Britaniyaya tarixi ikinci dövlət səfərinə başlayıb. Kral III Çarlz və digər kral ailəsi üzvləri onu Vindsor qalasında qarşılayıblar. Qonaq şərəfinə Britaniya son onilliklərin ən böyük hərbi mərasimini təşkil edib. Tramp və xanımı Melaniya, kral ailəsinin ev sahibliyi ilə, at arabası kortejindən tutmuş təmtəraqlı ziyafətədək bütün kral mərasimlərinə qatılıb.
Baş nazir Keir Starmer səfəri iki ölkə arasında “xüsusi münasibətləri” daha da möhkəmləndirmək, iqtisadi əlaqələri dərinləşdirmək və milyardlarla dollarlıq sərmayə cəlb etmək üçün fürsət kimi görür. Microsoft, Nvidia, Google və OpenAI də daxil olmaqla iri texnologiya şirkətləri Böyük Britaniyaya süni intellekt, kvant texnologiyaları və nüvə energetikası sahələrinə 31 milyard funt (təxminən 42 milyard dollar) sərmayə yatıracaqlarını açıqlayıblar.
Gündəliyə həmçinin ticarət məsələləri daxildir. Britaniya Tramp administrasiyası ilə bəzi tariflərin azaldılması barədə ilkin razılaşma əldə edib. Yeni danışıqlarda isə polad, viski və qızılbalıq kimi məhsullara qoyulan rüsumların yenidən nəzərdən keçirilməsi gözlənilir.
Bununla yanaşı, səfər etirazlarla da müşayiət olunub. Yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq, etirazçılar mərasimlər zamanı mərhum cinayətkar Cefri Epşteynlə bağlı aksiya keçiriblər. Trampın Britaniyada populyarlığının aşağı olması fonunda Starmerin bu səfərdən əldə edəcəyi siyasi dividendlər hələ ki, sual altındadır.
Reuters
Sura Əliyeva