00:00:00
Yazar
Admin User
03.09.2025 15:47 126 2 dəq oxuma
Siyasət

Trampın Çinə qarşı gizli “kozırı” qalıb

Trampın Çinə qarşı gizli “kozırı” qalıb

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Prezident Donald Tramp Çinlə aparılan ticarət danışıqlarında hələ də üstün mövqelərə malikdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Amerika Birləşmiş Ştatları hələ Çinə rüsum tətbiq etməkdə tələsmir:

 

"Hazırda danışıqlar gedir və onlar hələ başa çatmayıb. Dünən Tramp Ağ Evdə növbəti brifinqdə də bu danışıqların davam etdiyini bildirdi. Buna görə də hələlik hər hansı addımdan danışmaq tezdir. Əgər ABŞ bu addımı atarsa, Çin artıq bəyan edib ki, heç bir güzəştə getməyəcək. Bu, həm Çin, həm də Amerika iqtisadiyyatına ciddi təsir göstərəcək. Çünki iki ölkə arasında əmtəə mübadiləsi çox genişdir. Mən düşünmürəm ki, yaxın zamanda belə rüsumlar tətbiq olunsun, çünki bu, ABŞ iqtisadiyyatına böyük zərbə vura bilər. Onsuz da ABŞ-Çin münasibətləri bu gün hamar deyil. Məsələn, gözlənilirdi ki, ABŞ nümayəndələri Çində keçirilən İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş parada qatılsın, amma iştirak etmədilər. Bu da münasibətlərin gərginliyini göstərir. Əgər indi ABŞ Çinə qarşı ciddi təzyiq addımları atsa, münasibətlər daha da pisləşə bilər. Çin açıq şəkildə bəyan edib ki, müstəqil siyasət yürüdür və ABŞ-nin təzyiqləri onu yolundan döndərə bilməz. Hindistana qarşı tətbiq edilən rüsumların nəticəsini xatırlayaq: bu, Hindistanı Rusiya ilə daha da yaxınlaşdırdı. Hətta uzun illər Çinə getməyən Hindistanın baş naziri Pekinə səfər etdi, müqavilələr və razılaşmalar imzalandı. Yəni bəzən ABŞ-nin rüsum siyasəti öz maraqlarına zidd nəticələr verir. Ümumiyyətlə, yeni rüsumlar qlobal iqtisadiyyata mənfi təsir göstərir. Tramp hakimiyyətə gəldikdən sonra dünya iqtisadiyyatının mövcud qaydaları pozuldu, yeni şərtlər meydana çıxdı. İndi demək olar ki, qlobal iqtisadiyyatdan əvvəlki anlamda danışmaq mümkün deyil. Dövlətlər getdikcə öz aralarında milli valyutalarla ticarət aparmağa, öz iqtisadi məkanlarını qurmağa çalışırlar. ABŞ-nin rüsum siyasəti isə dünya ticarətini dəyişdirir, hətta müəyyən mənada çökdürür. ABŞ ilə Avropa Birliyi arasında imzalanan rüsum razılaşmaları Avropanı Amerikanın iqtisadi asılılığına salıb. Söhbət yüz milyardlarla dollarlıq enerji və silah müqavilələrindən gedir. Trampın yaratdığı bu yeni iqtisadi vəziyyət qlobal iqtisadiyyatı tamamilə dəyişdirib. Dünyada siyasətdə olduğu kimi, iqtisadiyyatda da yeni yollar, yeni modellər axtarılır. Dövlətlər artıq ənənəvi qaydalarla deyil, yeni iqtisadi formalarla hərəkət etməyə çalışırlar".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər