Trampın iqamətgahı üzərində aviaməkanı pozan təyyarə ələ keçirilib
21 dekabrda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Prezident Donald Trampın Florida ştatının Palm-Biçdəki iqamətgahı üzərində məhdudlaşdırılmış aviaməkanının pozulması ilə bağlı havaya qalxıb.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında Word Panorama stratejik araşdırmalar mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova bildirib ki, Prezident iqamətgahı hər zaman ciddi şəkildə qorunur:
“Son dövrlərdə isə Tramp və onun administrasiyası üçün olduqca gərgin və təlatümlü bir mərhələ yaşanır. Trampın apardığı siyasət bir çox istiqamətlərdə, hətta ölkə daxilində belə, xoşagəlməz hadisələrə səbəb olur. Ona qarşı daxildə müxalifət və digər siyasi qüvvələrdən ciddi təzyiqlər mövcuddur. Qeyd etmək lazımdır ki, bu gün Trampın yürütdüyü siyasət bir çox insanın da xoşuna gəlmir. Buna baxmayaraq, Tramp kimi siyasətdə birmənalı qarşılanmayan bir fiqur olsa belə, protokol qaydalarına əsasən Ağ Evin ərazisi, xüsusilə də hava məkanı çox ciddi şəkildə qorunur. Havaya qalxan hərbi təyyarələr bir növ xəbərdarlıq və ismarıc xarakteri daşıyır ki, təhlükəsizlik qüvvələri hər an hazır vəziyyətdədir. Bu vəziyyət Trampın qorunması ilə yanaşı, ABŞ-nin gücünün nümayişi kimi də qiymətləndirilə bilər. Bu, ABŞ-nin hələ də böyük və güclü bir dövlət olduğunu göstərir. Onun hava məkanını pozmağa və ya hər hansı təhdid yaratmağa cəhd edənlərə qarşı dərhal tədbirlər görülür. Dövlət başçısının qorunması mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, bu təhlükəsizlik tədbirləri yalnız Trampa aid deyil. ABŞ-də bütün prezidentlər və keçmiş prezidentlər üçün təhlükəsizlik protokolları ciddi şəkildə tətbiq olunur. Vaşinqtonun, xüsusilə də Ağ Evin hava məkanını qoruyan xüsusi təyyarələr mövcuddur. Amerikada məhdud hava məkanları var və onlardan biri də Ağ Evin üzərində yerləşən təhlükəsizlik zonasıdır. Bu zonaların qorunması ilə məşğul olan hərbi aviasiya pilotları geniş və intensiv təlimlərdən keçirlər. Onlar hava məkanının pozulmasına qarşı yüksək hazırlıq səviyyəsində fəaliyyət göstərirlər. Hər hansı pozuntu halında bu təyyarələrin havaya qalxması, müşahidə aparması və öz mövcudluğunu göstərməsi açıq şəkildə bildirir ki, bu ərazilərə icazəsiz daxil olmaq mümkünsüzdür. Nəticə etibarilə, hansı prezident olmasından asılı olmayaraq, ABŞ dövləti və onun strateji obyektləri ciddi şəkildə qorunmaqdadır”.
Səadət Əlizadə
