00:00:00
Yazar
Admin User
30.09.2025 17:59 104 4 dəq oxuma
Dünya

Trampın Qəzza planının həyata keçirilməsi Ukraynadakı münaqişəyə də təsir edə bilər

Trampın Qəzza planının həyata keçirilməsi Ukraynadakı münaqişəyə də təsir edə bilər

ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının həyata keçirilməsi Yaxın Şərqin digər regionlarında sülhün bərqərar olmasına kömək edə biləcək və həmçinin Ukrayna böhranının həllinə təsir göstərə bilər.

 

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin məqsədi bölgədə “Böyük İsrail Dövləti” yaratmaqdır:

 

 

" İstər Rusiya–Ukrayna münaqişəsi, istərsə də Yaxın Şərqdə baş verən hadisələr, bütün bu hərbi qarşıdurmaların arxasında başda ABŞ olmaqla, Qərbin rolu var. Çünki Yaxın Şərqdə İsrailə ABŞ həm siyasi, həm də hərbi dəstək verməsə, İsrail bu qədər sərt siyasət həyata keçirə bilməz. İsrail–Fələstin məsələsində ABŞ bütün vasitələrlə İsrailin arxasında dayanır və bu proseslərə birbaşa dəstək verir. Bu, ABŞ-nin strateji maraqlarından irəli gəlir. Çünki ABŞ-də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, İsraillə ABŞ arasında strateji əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində İsrail hərtərəfli dəstək alır. Xüsusilə də Trampın hakimiyyətə gəlməsi ümumdünya yəhudi lobbisinin maliyyə və siyasi dəstəyi ilə mümkün olub. Hətta Tramp birinci prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. İsrailin məqsədi bölgədə “Böyük İsrail Dövləti” yaratmaqdır və bu proqramın həyata keçirilməsi üçün yəhudi lobbisi bütün vasitələrlə dəstək verir. ABŞ isə bu proqramın reallaşdırılmasında aktiv iştirak edir. Ukrayna münaqişəsinə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Bu münaqişənin yaranmasında birbaşa ABŞ rol oynayıb. Hətta Tramp özü də açıq şəkildə bildirib ki, bu münaqişəni Co Bayden yaradıb. O, ABŞ-nin dünya arenasında zədələnmiş imicini bərpa etməyə çalışır. Çünki ABŞ-nin sərt xarici siyasəti nəticəsində insan haqları və demokratiya prinsipləri ikinci plana keçib. ABŞ uzun müddət “demokratiya” və “insan haqları” şüarları altında əslində öz maraqlarını həyata keçirib. Bu yanaşma isə Amerika imicinə ciddi zərbə vurub. Tramp isə bu siyasətdə taktiki dəyişikliklər etməyə çalışır. ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, dövlətin əsas strateji xətti dəyişmir, yalnız taktiki addımlar fərqli ola bilər. Tramp da bu çərçivədə fərqli taktiki gedişlər edir, sülh görüntüsü yaratmağa və dünyada sabitliklə bağlı bəyanatlar verməyə üstünlük verir. Bunu bir növ siyasi şou adlandırmaq olar. Əgər ABŞ həqiqətən də Yaxın Şərqdə, xüsusilə İsrail–Fələstin münaqişəsində sülh istəyirsə, Rusiya ilə bağlı tətbiq etdiyi sanksiya və təzyiq siyasətini eyni şəkildə İsrailə də tətbiq etməlidir. Lakin reallıqda ABŞ sülhdən danışsa da, əməldə İsrailə tam dəstək verir və onun atdığı bütün addımlara bəraət qazandırır. Yaxın Şərqdə, xüsusilə Qəzzada baş verən hadisələrdə o cümlədən, soyqırımı xarakteri daşıyan hərəkətlərdə ABŞ-də birbaşa və ya dolayı şəkildə iştirak edir".

 

 

Müsahib bildirib ki, belə olan təqdirdə hansısa vasitəçilikdən danışmaq mənasızdır:

 

 

"İsrailə siyasi və hərbi dəstək verən bir dövlətin bu münaqişədə vasitəçi qismində çıxış etməsi mümkün deyil. Ukrayna məsələsi isə bir qədər fərqlidir. ABŞ Rusiya–Ukrayna münaqişəsinin sona çatmasında maraqlı deyil. Əksinə, özü birbaşa iştirak etmədən, Avropa İttifaqına daxil olan müttəfiqləri vasitəsilə bu münaqişənin uzanmasına və gərginliyin artmasına şərait yaradır. Son vaxtlar ABŞ-nin Ukraynaya hərbi dəstəyini açıq şəkildə artırması da bunu sübut edir. Bu halda, Rusiya–Ukrayna münaqişəsinin danışıqlar və dialoq yolu ilə həll olunması real görünmür. Əgər doğrudan da problemin sülh yolu ilə həll olunması istənilirsə, ilk növbədə bu münaqişəni doğuran əsas səbəblər aradan qaldırılmalıdır. Təəssüf ki, bu gün yalnız nəticədən danışılır, amma nəticəyə gətirib çıxaran səbəblər ya unudulur, ya da ikinci plana keçirilir. Rusiya dəfələrlə bəyan edib ki, bu münaqişənin başlanmasına səbəb olan problemlər həll olunmadan sülh mümkün deyil. Hazırda başda ABŞ olmaqla Qərb koalisiyası Ukraynanı dəstəkləyərək münaqişənin daha da dərinləşməsinə, hətta Rusiyanın daxilinə keçməsinə çalışır. Bu yanaşmanın arxasında Amerikanın müəyyən strategiyası dayanır. ABŞ strategiyasına görə, onun qlobal böyüklüyünə təhdid yaradan üç əsas amil mövcuddur. Rusiya hərbi gücünə, Çin iqtisadi gücünə, Avropa isə pul vahidi olan avroya görə ABŞ imperiyasına təhlükə yaradır. Amerikanın əsas gücü onun valyutasında, yəni dollarındadır. Dollara alternativ olan hər hansı dünya valyutası dolların zəifləməsinə və nəticədə Amerikanın qlobal böyüklüyü təhdidə səbəb olur. Avropanın pul vahidi olan avro artıq dünya bazarında dollara ciddi rəqibdir və onu sıxışdırır. Bu da dolların dəyərdən düşməsinə gətirib çıxarır. ABŞ strategiyasına görə Rusiya–Ukrayna münaqişəsinin yaradılmasının əsas məqsədlərindən biri də Rusiya ilə Avropa arasındakı əlaqələri kəsmək idi. Artıq bu münaqişəyə "Rusiya–Ukrayna savaşı" yox, "Rusiya–NATO savaşı" demək daha doğrudur. Bunu həm Avropa, həm də Rusiya ekspertləri, o cümlədən Rusiya rəsmiləri beynəlxalq toplantılarda açıq şəkildə etiraf edirlər. NATO ölkələri bu prosesdə faktiki iştirak edir və Ukrayna sadəcə bir poligon rolunu oynayır".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər