Trampın “trilyon dollarlıq tarif gəlirləri” iddiası
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun tətbiq etdiyi idxal tarifləri nəticəsində ölkə büdcəsinə ildə bir trilyon dollardan çox gəlir daxil olacaq. O vurğulayıb ki, tariflərin təsiri yeni hiss olunmağa başlayır və gələcəkdə daha böyük nəticələr verəcək.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, bu ədəd daha çox siyasidir, iqtisadi reallığa uyğun deyil:
"Hesab olunur ki, Tramp başqa məsələlərdə olduğu kimi, bunu da şişirdir və reallıqdan uzaqlaşdırır. Bu daha çox siyasi demoqogiyadır. Tarif gəlirləri Tramp hakimiyyətinin əvvəlki illərində büdcəyə 70-80 milyon dollar əlavə gəlir gətirib. Bunu qeyd etmək lazımdır ki, bunun arxasında müəyyən xərclər də var. Bunlar inflyasiya, itkilərdir. Nəzərə alsaq ki, ABŞ-də 2024-cü ildə ümumi gömrük rüsumlarından gəlir təxminən yüz milyard dollar ətrafında olub. ABŞ-nin ümumi büdcə gəlirləri isə (bunun içində ən çox yer tutan daxili vergilər, xüsusən də fiziki şəxslərdən alınan gəlir vergiləri də var) 5 trilyon dollardan çoxdur. Trampın bu bəyanatı həddindən çox şişirdilmiş bəyanatdır.
Ən çox təsirlənən və əsas hədəf olan ölkə Çindir. Xüsusən də texnologiya sahəsi. Əlavə olaraq, ABŞ-də həmişə ənənəvi olaraq metal (qara metal, polad sənayesi, alüminium sənayesi və s.) ciddi hədəfdə olub və bu gün də belədir. Bundan əlavə olaraq da məişət texnikası, kənd təsərrüfatı məhsulları da hər zaman hədəfdə olubdur. Bundan təsirlənən ikinci ölkələr ABŞ-nin qonşusu Kanada və bir də Avropa Birliyi ölkələridir. Onlarla əlaqələr yaxşıdır və Tramp hesab edir ki, onlara çox güzəşt olunub. Avtomobil sektorunda tarifdə ciddi artımlar var. Onlardan idxallar çox zəifləyəcək. İqtisadiyyata zərbə dəysə, bu istiqamətlərdə dəyəcək".
İqtisadçı həmçinin qeyd edib ki, Çinin cavab tədbirləri nəticəsində ABŞ fermerlərinin məhsullarına tarif qoyulub:
"Beləliklə, ABŞ-nin kənd təsərrüfatı zərər çəkəcək. Yəni, Tramp gəlirləri hesablayır və şişirdir, amma zərərləri hesablamır. Avtomobil sənayesində istehsal xərcləri artıb, tariflər onların bütün resurslar, xammallar üzrə maya dəyərini artır. İdxaldan asılı olan istehlak sektoru da bundan təsirlənəcək. ABŞ geyim sənayesində Cənub-Şərqi Asiyadan ciddi idxallar edir. Həmin malların qiyməti qalxır. O cümlədən oradan daha çox məişət texnikası alınıb. ABŞ-də bəzi yerli istehsalçılar dövlət qorunması əldə ediblər. Məsələn, qara və əlvan metallurgiyada buna aiddir. Bu təbii ki, bir müddət onların gəlirlərini artıracaq. Uzunmüddətli təsirlərdən biri də Çinlə ticarətdə onlardan olan texnoloji asılılığı azaldıb ABŞ-nin özündə belə bir texnoloji istehsal şirkətləri qurmaq və istədikləri ssenari baş verərsə, gözlənilən təsirlərin müsbət halları bunlardır. Amma mənfi təsirləri də var. Qeyd etdiyimiz kimi, həmişə tariflər qiymətləri artırır və inflyasiya yaradır. ABŞ-yə qarşı cavab tədbirləri görülüb. Ona görə ABŞ-nin ixracatçı şirkətləri zərbə alıb. Onlar ciddi itkilərə məruz qalıblar və bəziləri bağlanacaq. Artıq əvvəlki kimi ixrac edə bilməyəcəklər. Ümumiyyətlə, qlobal ticarətin səmərəliliyi itir. Ölkələrin hamısı proteksionist davrananda hamısı uduzur".
Billurə Quliyeva
