Trampın Ukrayna ilə bağlı cəhdləri nəticə verməyib
ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı sülh prosesini irəlilətmək cəhdi nəticə verməyib,bu barədə “Tayms" nəşri məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, Tramp indi də çalışır ki, hansısa formada barışıq yaratsın:
"Trampın vasitəçiliyi nəticə vermədi. Çünki açığı, burada Trampdan başqa sülh istəyən demokrat yoxdur. Rusiya tərəfi müharibənin davam etməsində maraqlıdır. Onlar hesab edir ki, münaqişə uzansa, yeni ərazilər ələ keçirə bilərlər və nəticədə Ukraynanı öz şərtləri ilə sülhə məcbur edərlər, yaxud oradakı hakimiyyəti dəyişdirərlər. Digər tərəfdən, Avropa ölkələri və Britaniya açıq şəkildə göstərdilər ki, onlar da müharibənin davam etməsini istəyirlər. Məqsədləri Rusiyanı daha da zəiflətməkdir. Ukraynada müharibənin bitməsində maraqlı deyillər və bunu əvvəldən sübut ediblər. Hətta Tramp və Zelenski arasında ilk qalmaqal baş verəndə açıq mövqe ortaya qoyaraq Londonda toplaşdılar və Zelenskiyə dəstək nümayiş etdirdilər. Zelenski hakimiyyəti də sülhə və atəşkəsə maraqlı deyil. Çünki yaxşı bilir ki, ilkin şərtlərlə sülhə razılıq versə, azı ölkənin 25 faizindən güzəştə getməlidir. Bu halda suallar yaranacaq: Niyə Zelenski bu müharibəyə başlayıb? Ukraynaya nə verdi? Və niyə İstanbul görüşlərində Türkiyənin və Ərdoğanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya daha az itki ilə razılıq vermədi? Bütün bu suallar Zelenski üçün ittiham kimi qalacaq. Ona görə də o, müharibənin davam etməsini, daim yardımların və silahların Ukraynaya gəlməsini istəyir. ABŞ də Pentaqon da buna maraqlıdır. Çünki hərbi nazirlik istəyir ki, Avropa üzərindən daha çox silah satılsın. ABŞ “establişment”indəki köhnə sistemin təmsilçiləri də münaqişənin uzanmasını və Rusiyanın zəiflədilməsini arzulayırlar. Digər tərəfdən, Çin də istəyir ki, müharibə davam etsin. Çünki bu halda Rusiya daha çox Çindən asılı vəziyyətə düşür. Həm də dünya ictimaiyyəti başqa müharibəyə cəlb olunduğu üçün Tayvan məsələsində Çinə qarşı sərt mövqe ortaya qoyula bilmir. Beləliklə, ortada bir həqiqət qalır: dünyada sülh istəyən sadəcə Tramp və Türkiyədir. Amma Tramp təkbaşına bu qədər tərəfi necə məcbur edə bilər? O, dəfələrlə telefon danışıqları aparıb, Putini və Zelenskini görüşə çağırıb, onları atəşkəsə razı salmağa çalışıb. Amma hələ ki, real nəticə yoxdur.Tramp indi də çalışır ki, hansısa formada barışıq yaratsın. Amma bu, çox uzaq görünür. Ola bilər ki, gələcəkdə daha sərt addımlar atsın – istər Rusiya, istərsə də Ukraynaya qarşı. Ən azından tərəfləri atəşkəsə məcbur etməyə cəhd göstərə bilər. Ancaq hazırda üfüqdə sülh görünmür".
Qəmər Kazımzadə