00:00:00
Yazar
Ayan Sadi
14.08.2026 23:53 72 2 dəq oxuma
Gündəm

Turistləri Bakıya gətirən səbəb: qədimlik və müasirliyin vəhdəti

Turistləri Bakıya gətirən səbəb: qədimlik və müasirliyin vəhdəti

Bakı son illərdə həm tarixi-mədəni irsi, həm də müasir şəhər infrastrukturu ilə xarici turistlərin diqqətini cəlb edən əsas turizm mərkəzlərindən birinə çevrilib. Paytaxtın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, nəqliyyat imkanlarının genişlənməsi, Xəzər sahili, müasir memarlıq nümunələri və zəngin milli mətbəxi turist marağını artıran əsas amillərdəndir. Şəhərin qədimliyi ilə müasirliyinin bir arada təqdim olunması isə Bakının turizm potensialını daha da gücləndirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Azərbaycana gələn turistlərin sayı illər üzrə dəyişsə də, Bakı xarici ziyarətçilərin əsas istiqaməti olaraq qalır. Ekspertin sözlərinə görə, 2025-ci ildə Azərbaycana gələn əcnəbi turistlərin ümumi sayında 2,1 faiz azalma müşahidə olunsa da, Çin, Özbəkistan, Qazaxıstan və Yaponiyadan gələn ziyarətçilərin sayında artım qeydə alınıb.

 

“Bakı həm daxili, həm də xarici turistlər üçün əsas turizm mərkəzidir. Beynəlxalq turizm baxımından paytaxtın marağı daha yüksəkdir. Xarici qonaqların böyük hissəsi ilk olaraq Bakını seçir. 2025-ci ildə Azərbaycana gələn xarici ziyarətçilər arasında Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və Qazaxıstan vətəndaşları əsas qrupları təşkil edib. Xüsusilə Rusiya və Türkiyə bazarları ənənəvi olaraq aparıcı mövqedə qalır. Hindistan və Mərkəzi Asiya ölkələrindən gələn turist axını isə son dövrdə daha da çoxalıb”.

 

Rəhman Quliyev qeyd edir ki, Bakıda turist aktivliyi əsasən yazın sonlarından başlayaraq yay və payız aylarında artır. Bununla yanaşı, beynəlxalq yarışlar, böyük tədbirlər və Formula 1 kimi layihələr şəhərə ilin müxtəlif dövrlərində əlavə turist axını yaradır. Bu səbəbdən Bakı turizmini yalnız yay mövsümü ilə məhdudlaşdırmaq düzgün yanaşma hesab olunmur.

 

“Turistlərin ən çox maraq göstərdiyi məkanların başında UNESCO Dünya İrsi siyahısına daxil olan İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı, həmçinin Heydər Əliyev Mərkəzi, Alov qüllələri və Bakı Bulvarı gəlir. Şəhərin tarixi mərkəzi ilə müasir memarlıq simvollarının bir-birinə yaxın yerləşməsi Bakının əsas üstünlüklərindən biridir. Bununla yanaşı, turist marşrutlarında Atəşgah, Yanardağ və Bakıətrafı istiqamətlər, o cümlədən Qobustan da xüsusi yer tutur”.

 

Ekspertin sözlərinə görə, turistlərin Bakıya marağında şəhərin təhlükəsizliyi, tarixi və müasir memarlığın vəhdəti, geniş restoran və kafe seçimi, Xəzər sahilində gəzinti imkanları və milli mətbəx də mühüm rol oynayır. İçərişəhərin tarixi atmosferi ilə Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq nümunələrinin eyni səfər çərçivəsində ziyarət edilə bilməsi paytaxtın fərqləndirici xüsusiyyətlərindəndir.

 

Sonda Rəhman Quliyev vurğulayır ki, Bakıda turist axınının ilboyu daha stabil saxlanılması üçün xidmət keyfiyyətinin yüksəldilməsi və xidmət sektorunda xarici dil biliklərinin inkişaf etdirilməsi vacibdir. Paytaxtın tarixi irsini müasir şəhər imkanları ilə birləşdirən turizm modeli Bakının beynəlxalq turizm bazarında mövqeyinin daha da möhkəmlənməsinə imkan yarada bilər.

 

Süsən Mərdalıqızı

#turistləri #müasirliyin #səbəb: #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər