00:00:00
Yazar
Zəhra Həsənova
07.07.2026 19:55 28 3 dəq oxuma
İqtisadiyyat

Turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilə bilər?

Turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilə bilər?

Müasir dünyada turizm artıq təkcə istirahət və səyahət anlayışı deyil, ölkələrin iqtisadi inkişafını sürətləndirən, məşğulluğu artıran və milli gəlirlərə ciddi töhfə verən strateji sahələrdən biridir. Dünyanın bir çox ölkələri – İspaniya, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə turizmi iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevirərək milyonlarla insan üçün iş yeri yaradıb və dövlət büdcəsinə milyardlarla dollar gəlir əldə ediblər. Bu təcrübə göstərir ki, zəngin təbii və mədəni irsə malik ölkələr düzgün strategiya ilə turizmi davamlı iqtisadi inkişafın əsas sütunlarından birinə çevirə bilirlər.

 

Azərbaycan da son illərdə qeyri-neft sektorunun inkişafı siyasəti çərçivəsində turizmi prioritet istiqamətlərdən biri elan edib. Coğrafi mövqeyi, iqlim müxtəlifliyi, qədim tarixi abidələri, UNESCO siyahısına daxil edilmiş irsi və müasir turizm infrastrukturu ölkənin bu sahədə böyük potensiala malik olduğunu göstərir. Dövlətin qəbul etdiyi proqramlar və həyata keçirilən layihələr turizmin milli iqtisadiyyatda rolunun artırılmasına xidmət edir. Azərbaycanın turizm potensialı ilk növbədə, onun zəngin təbii və mədəni irsi ilə bağlıdır. Ölkədə 11 iqlim qurşağından 9-un mövcud olması, Xəzər dənizi sahili, dağ-xizək mərkəzləri, milli parklar, tarixi şəhərlər və sağlamlıq turizmi üçün əlverişli resurslar müxtəlif turizm növlərinin inkişafına imkan yaradır.

 

Dövlət Turizm Agentliyinin rəsmi statistikasına əsasən, 2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570 min 469 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ölkənin beynəlxalq turizm bazarında öz mövqeyini qoruduğunu nümayiş etdirir. Gələn turistlərin 23,9 faizi Rusiyadan, 17,7 faizi Türkiyədən, 8,1 faizi İrandan, 6,5 faizi Hindistandan olub. Turizmin iqtisadi əhəmiyyətini göstərən əsas göstəricilərdən biri turistlərin ölkə daxilindəki xərcləridir. Rəsm istatistikaya əsasən, 2025-ci ildə Azərbaycana gələn turistlərin ölkə daxilində etdiyi xərclərin həcmi 3,26 milyard manat təşkil edib. Bu vəsait mehmanxana biznesindən nəqliyyata, ictimai iaşədən xidmət sektoruna qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına müsbət təsir göstərib. 
 

Turizm infrastrukturunun inkişafı da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə ölkənin müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən hotellər, istirahət mərkəzləri, dağ-xizək kompleksləri, yeni avtomobil yolları və hava limanları istifadəyə verilib. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri gələcəkdə Qarabağın turizm xəritəsində mühüm yer tutacağına dair ciddi əsaslar yaradır. 

 

Azərbaycanın beynəlxalq turizm bazarında tanıdılması istiqamətində də ardıcıl işlər görülür. Dövlət Turizm Agentliyi ölkənin turizm potensialını beynəlxalq sərgilərdə, təqdimatlarda və marketinq kampaniyalarında təbliğ edir. Bununla yanaşı, mədəni irsin qorunması və turizmə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Xınalıq kəndi və "Köç yolu" mədəni landşaftının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın beynəlxalq turizm cəlbediciliyini daha da artıran amillərdəndir. Turizmin inkişafında rəqəmsal texnologiyaların tətbiqi də diqqət mərkəzində saxlanılır. Dövlət Turizm Agentliyi müasir statistik monitorinq sistemi vasitəsilə turist axınını aylıq əsasda izləyir və bazar tendensiyalarını təhlil edir. Bu yanaşma qərarların daha səmərəli qəbul edilməsinə və turizm siyasətinin real göstəricilər əsasında formalaşdırılmasına imkan yaradır. (Mənbə: Dövlət Turizm Agentliyi)

 

Qlobal iqtisadiyyatda turizmin rolu ildən-ilə artır və Azərbaycanda bu prosesdən kənarda qalmır. Ölkənin zəngin təbii resursları, tarixi-mədəni irsi, müasir infrastrukturu və əlverişli coğrafi mövqeyi turizmin qeyri-neft sektorunun aparıcıi stiqamətlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Lakin bu potensialın tam reallaşması üçün xidmət keyfiyyətinin daha da yüksəldilməsi, regionlarda turizm məhsullarının şaxələndirilməsi, ekoloji və kənd turizminin inkişafı, beynəlxalq marketinq fəaliyyətinin genişləndirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. 

 

Mövcud strategiya və həyata keçirilən dövlət proqramları göstərir ki, turizm təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə, regionların sosial-iqtisadi inkişafına və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edən strateji sahədir. Bu baxımdan demək olar ki, düzgün idarəetmə və davamlı investisiyalar sayəsində turizm yaxın illərdə Azərbaycanın iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilə bilər.

 

Məhəmməd Salmanzadə

#baki #aparıcı #bilər? #xəbər #çevrilə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər